Abunəçilər üçün giriş
Bu xəbər yalnız abunəçilər üçün açıqdır.
Onu oxumaq üçün öz akkauntunuzla daxil olun və ya qeydiyyatdan keçin.
Loqin
Parol
Loqin və ya parol səhvdir

Valyuta məzənnələri

USD   1.7 EUR   1.8477 RUR   0.0185 GBR   2.162 TRY   0.0526

Neftin qiyməti

18.03 $/bbl +/- WTI 82.72 +1.68 Brent 86.89 +1.55

Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

- Möhtərəm İlham Heydər oğlu, oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Siz bu gün ölkədəki vəziyyəti necə qiymətləndirərdiniz? Azərbaycanı nə gözləyir, bu barədə Sizin planlarınız necədir?

- Əvvələn, ölkənin inkişafının gələcəyini planlaşdırmaq üçün biz 2003-cü ildən bəri hesabat dövründə görülmüş işləri əsas götürməliyik. Dörd ildən bir qədər artıq müddətdə ölkədə sürətli iqtisadi yüksəliş müşahidə olunur. Son bir neçə ildə ÜDM-in artım sürətinə görə Azərbaycan dünyada liderdir, dörd ildə ÜDM 96 faiz artmışdır. Bu, bizə kifayət qədər maliyyə ehtiyatları toplamağa və fəal sosial siyasət yeritməyə imkan vermişdir. Bu sanballı rəqəmlərlə yanaşı, mənim üçün bəlkə də ən əhəmiyyətlisi odur ki, ötən dörd ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. Bu, ilk növbədə, onu göstərir ki, bizim apardığımız bütün islahatlar ən əvvəl vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Digər tərəfdən, Azərbaycanın neft və qaz hasil edən ölkə olduğunu nəzərə alsaq, bu fakt onu göstərir ki, neft satışından əldə edilən gəlirlər bərabər şəkildə bölüşdürülür. Əks halda, yoxsulluğun səviyyəsi nəinki azalmaz, hətta artardı. Biz praktik olaraq, işsizliyin aradan qaldırılması istiqamətində böyük uğurlar qazanmışıq. Son dörd ildə 650 mindən çox iş yeri yaradılmışdır ki, bunların da 450 mindən çoxu daimi iş yerləridir. 8,5 milyon əhalisi olan ölkə üçün bu, kifayət qədər yüksək göstəricidir. İri infrastruktur layihələri reallaşdırılır, bu gün neft strategiyasını uğurla həyata keçirən Azərbaycan öz neftini üç ölkənin - Rusiya, Gürcüstan və Türkiyə ərazisindən keçən üç boru kəməri vasitəsilə ixrac etmək imkanına malikdir. Bundan əlavə, Azərbaycan qazını tarixdə ilk dəfə dünya bazarına çıxaran kəmər inşa edilmişdir.

Sosial sahədə çox şeydən, investisiyalar, səhiyyə, təhsil barədə danışmaq olar. Son 4 ildə 1200 məktəb tikilmiş, onların hamısı kompyuterləşdirilmişdir. Səhiyyəyə, insanları narahat edən digər məsələlərə - infrastruktura, elektrik stansiyalarına, su, qaz kəmərlərinə, ekoloji proqramlara böyük vəsait qoyuruq. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onunla bağlı proqram olmasın.

Biz seçkilərə bu nəticələrlə gedirik. Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var. Mən verdiyim vədlərin hamısını yerinə yetirmişəm. Onu da deyim ki, bəzi vədlərim kimlərəsə real görünmürdü. Məsələn, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən deyirdim ki, ölkədə 600 min iş yeri yaradılacaq. Çoxları təəccüblənirdi ki, beş il ərzində bunu etmək necə mümkün olacaq. Biz isə buna nail olduq. Mən demişdim ki, beş ildən sonra ölkəmizdə bir dənə də çadır düşərgəsi qalmayacaqdır. Həmin düşərgələrdə isə on minlərlə insan yaşayırdı. On iki çadır düşərgəsindən axırıncısı bu il ləğv edilmişdir, bütün qaçqın və məcburi köçkünlər yeni evlərə köçürülmüşlər.

Lakin bütün bunlar ötən müddətdə görülmüş işlərdir, bu gün isə biz artıq gələcək haqqında, ölkəmizin beş il sonra necə olacağı barədə fikirləşirik. Biz sadəcə, əhalinin maddi rifahının artırılması vəzifəsini qarşıya qoymuruq, inkişaf etmiş ölkəyə çevrilmək vəzifəsini qarşıya qoyuruq və buna nail olmaqdan ötrü potensial var. Əvvələn, intellektual potensial, ikincisi, iqtisadi potensial. Biz ölkəmizin enerji təhlükəsizliyi məsələsini tam həll etmişik və artıq başqa ölkələrin enerji təhlükəsizliyini də təmin edirik. Ən yaxın illərdə, - əvvəllər bu müddətin 20 il olacağını deyirdik, indi isə 10 il deyə bilərik, - enerji layihələrinin həyata keçirilməsindən yüz milyardlarla dollar gəlir gözləyirik. Bütün bunlar həm iqtisadi, həm də siyasi islahatları həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqelərini möhkəmlətməyə və gələcəyə inamla baxmağa imkan verir. Gələcəkdə biz Azərbaycanı inkişaf etmiş, demokratik dövlət kimi, insanların sülh, qarşılıqlı anlaşma və sosial ədalət şəraitində yaşadığı müasir dövlət kimi görürük. Mən Azərbaycanı belə bir ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi. Ölkəmizdə maliyyə ehtiyatları var, sabitlik var, qonşularımızla yaxşı münasibətlər yaratmışıq, bu da hər bir ölkə üçün vacibdir. Buna görə də mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm.

- Çox maraqlı sual Azərbaycanın NATO-ya inteqrasiyasının mümkünlüyü ilə bağlıdır. Məlumat var ki, Siz Buxarestə, NATO-nun aprel sammitinə gedə bilərsiniz. Ümumiyyətlə, NATO-ya inteqrasiyanın mümkünlüyü mövzusu mövcuddur. Sizin buna münasibətinizi bilmək istərdik.

- Keçmiş SSRİ məkanındakı dövlətlərin bir çoxunun başçıları kimi, mən də NATO-nun Buxarestdə keçiriləcək sammitinə dəvət edilmişəm və orada iştirak etməyə hazırlaşıram. Bildiyimə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərin başçıları da həmin zirvə toplantısında iştirak etməyi planlaşdırırlar. NATO-nun zirvə toplantısında əvvəllər də iştirak etmişəm və ümumiyyətlə, bu iştirak hansısa ölkənin həmin təşkilatın üzvü olmağa çalışmasının göstəricisi deyildir. Biz NATO ilə kifayət qədər çoxdan əməkdaşlıq edirik. Əvvəllər “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq edirdik, indi isə fərdi tərəfdaşlıq planı mərhələsinə keçmişik. Biz Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik. Yaxın vaxtlara qədər bizim sülhməramlı kontingentimiz Kosovoda da iştirak edirdi, lakin həmin regionda siyasi vəziyyət dəyişəndən sonra parlament mənim təqdimatım əsasında sülhməramlı qüvvələrimizin Kosovodan geri çağırılması haqqında qərar qəbul etmişdir. NATO ilə əməkdaşlığımız kifayət qədər müsbət xarakter daşıyır. Bu əməkdaşlıq bizə bu sahədə islahatlar aparmağa imkan verir və əməkdaşlığın bugünkü səviyyəsi bizi qane edir.

Azərbaycan bunu əsas götürür ki, hər hansı təşkilatda üzvlük qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir, biz özümüzü kiməsə zorla qəbul etdirmək fikrində deyilik. Bizim Avropa İttifaqı ilə də əməkdaşlığımız səmərəlidir. Cənubi Qafqazın başqa ölkələri kimi, Azərbaycan da Avropa İttifaqının Yeni qonşuluq siyasəti proqramı çərçivəsində əməkdaşlıq edir. Avropaya inteqrasiya planı baxımından da, əgər bu təşəbbüs Avropa İttifaqı tərəfindən irəli sürülmüş olsa, əlbəttə, biz onu nəzərdən keçirəcəyik. Əks halda, özümüzü zorla qəbul etdirmək fikrində deyilik. Biz öz təhlükəsizliyimizi özümüz təmin edirik, biz həm iqtisadi, həm siyasi və həm də enerji baxımından özümüzü tam təmin edə bilən ölkəyik. Ona görə də biz bunu əsas götürürük ki, münasibətlər bərabərhüquqlu olmalıdır, qarşılıqlı hörmət və qarşılıqlı mənafelər əsasında qurulmalıdır. NATO ilə əməkdaşlığın səviyyəsi hazırda bizi qane edir. Sonra nə olacağını, dünyada hadisələrin necə inkişaf edəcəyini, bizim regionda hansı proseslər gedəcəyini qabaqcadan söyləmək çətindir. Buna görə də bugünkü vəziyyəti əsas götürsək, Azərbaycanın NATO-ya üzvlük məsələsi gündəlikdə deyildir.

- Siz hərbi məsələyə toxundunuz. Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətini necə qiymətləndirirsiniz? Mümkünsə, silah alınması barədə bir qədər məlumat almaq istərdik. Kifayət qədər böyük rəqəm səslənir, hərbi büdcə bir milyard dollara bərabərdir. Mən belə başa düşürəm ki, silah almaq planları elə bir mövzudur ki, o, bütün dünyada diqqəti cəlb edir.

- Bəzən bizim hərbi xərclər Azərbaycan büdcəsinin ümumi xərcləri kontekstindən çıxarılır ki, bu da o qədər də ədalətli yanaşma deyildir. Biz həmişə obyektivliyin tərəfdarıyıq. Deməliyəm ki, son dörd ildə Azərbaycan büdcəsinin xərcləri 10 dəfə artmışdır və bunun özü də nadir göstəricidir. Büdcəmiz 2003-cü ildəki 1 milyard 300 milyon dollardan artaraq, 2008-ci ildə icmal büdcə 12 milyard dollara çatmışdır. Bu ilin yazında biz büdcənin artırılması məsələsinə yenidən baxılması ilə bağlı parlamentə müraciət etməyi planlaşdırırıq. Buna görə də təəccüblü deyil ki, son dörd ildə Azərbaycanın hərbi xərcləri də əhəmiyyətli dərəcədə artmışdır. Sizin dediyiniz 1 milyard dollar 2007-ci ilə aiddir, 2008-ci ildə hərbi xərclər hələlik 1 milyard 300 milyon dollardır, lakin onu artırmağı planlaşdırırıq.

Beləliklə bu, obyektiv prosesdir. Təhsil sahəsində də eyni vəziyyəti müşahidə edirik, təhsilə bir milyard dollar sərf olunur, halbuki dörd il bundan əvvəl bu rəqəm xeyli az idi. Yəni bütün bunlar, təbii ki, ölkənin iqtisadi imkanlarının artması hesabına baş verir. Üstəlik, onu da nəzərə almalıyıq ki, biz Ermənistanla müharibə vəziyyətindəyik, torpaqlarımız işğal edilmişdir. On ildən artıq müddətdə apardığımız danışıqlar heç bir nəticə verməmişdir. Əlbəttə, mövqelərin hansısa şəkildə yaxınlaşması baxımından irəliləyiş olmasını söyləyə bilərik, mən heç də demirəm ki, danışıqlar prosesinin imkanları tamamilə tükənmişdir. Müəyyən müsbət məqamlar vardır, bəzi bəndlər üzrə biz irəliləyişə nail olmuşuq. İlk növbədə, Ermənistan başa düşmüşdür ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri azad edilməlidir və bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düzdür, bəzi erməni siyasətçiləri danışıqlar prosesinin və münaqişənin tam həlli maketinin mahiyyətini təhrif etməyə çalışırlar, lakin bu maket belə olmalıdır: Azərbaycanın işğal edilmiş yeddi rayonu azad olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalı və gələcəkdə Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Bu statusun nədən ibarət olacağını isə gələcək göstərəcəkdir. Lakin biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda heç bir statusu qəbul etməyəcəyik. Düşdüyümüz vəziyyət, torpaqlarımızın işğal altında olması, əlbəttə ki, bizi hərbi xərcləri artırmağa məcbur edir və həmin xərcləri artırırıq. Bizim silah aldığımız ölkələr arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələr də var. Təbii ki, biz başqa ölkələrdən də texnika və silahlar alırıq. Bu yaxınlarda biz Müdafiə Sənayesi Nazirliyi yaratmışıq və hərbi təyinatlı məhsullar istehsal etməyə başlamışıq və bunu genişləndirəcəyik. Hazırda böyük maliyyə resurslarımızın olması, təbii ki, bizə yeni sahələr yaratmağa imkan verir. Biz metallurgiyada, alüminium sənayesində yeni sahə yaradırıq. Bu məqsədlərə bir neçə milyard dollar sərf ediləcəkdir. Başqa sahələrdə də bu proses başlanmışdır. Biz təhlükəsizliyimizi təmin edəcək güclü hərbi-sənaye kompleksi yaradırıq və yaradacağıq.

- İlham Heydər oğlu, çox sağ olun. Sonuncu sual. Hər halda, mümkünsə, BMT-nin qətnaməsini şərh edərdiniz.

- Biz bu qətnaməni Azərbaycanın növbəti diplomatik və siyasi uğuru hesab edirik. Ən böyük və önəmli beynəlxalq təşkilat olan BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməli olduğu prinsipləri bir daha təsdiq etmişdir: ərazi bütövlüyü, Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından qovulmuş bütün qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli. Yəni qətnamə beynəlxalq hüququn bütün norma və prinsiplərinə tamamilə uyğundur və mənim fikrimcə, danışıqlar prosesinin ruhunu, mahiyyətini tam əks etdirir. Biz qətnamənin qəbul olunacağına şübhə etmirdik və çox şadıq ki, o, qəbul edilmişdir. Əlbəttə ki, bizi dəstəkləmiş ölkələrin hamısına minnətdarlığımızı bildiririk. Avropa İttifaqına gəldikdə isə, bizə məlum olduğu kimi, Avropa İttifaqının üzvü olan ölkələr səsvermədə bitərəf qalmaq barədə razılaşdırılmış qərar qəbul etmişdilər. Bu ona görə baş vermişdir ki, Avropa İttifaqı digər məsələlər kimi, xarici siyasətlə bağlı məsələlərdə də yüksək intizama malikdir.

Lakin bizim əleyhimizə səs vermiş ölkələrin mövqeyi təəccüb doğurur. Xüsusən ona görə ki, bu ölkələr arasında Minsk qrupunun həmsədrləri, münaqişənin tənzimlənməsində vasitəçilik edən Fransa, Rusiya və ABŞ da var. Səsvermədən sonra bu ölkələrin rəsmi nümayəndələrinin verdikləri izahatlar müsbət xarakter daşıyır. Həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləmiş, onlar bir daha bəyan etmişlər ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırlar. Ümumiyyətlə, bu mövqe, əvvəldən də məlum idi. Lakin biz bu izahatları səsvermədə anlaşılmaz və mənim fikrimcə, düşünülməmiş addım nəticəsində Azərbaycan xalqının qəlbində qalmış xoşagəlməz hissləri bir qədər yumşaltmaq cəhdi hesab edirik. Mən belə hesab edirəm ki, həmin ölkələr vasitəçilər kimi bitərəf mövqe tutmalı idilər. Biz onların qətnamənin lehinə səs verəcəyini gözləmirdik və düşünürdük ki, onlar bitərəf qalacaqlar. Ona görə də indiki vəziyyətdə danışıqlar prosesinin gələcəyi həm də danışıqlar prosesinə cəlb edilmiş ölkələrlə vasitəçilər arasında etimadın səviyyəsindən asılı olacaqdır. Deməliyəm ki, qətnamənin əleyhinə səs verilməsi etimadı nəinki artırmamış, əksinə, ona ciddi xələl gətirmişdir. Qətnamə layihəsində danışıqlar prosesinin bütün bəndlərinin əks olunmaması kimi izahatlar isə tamamilə əsassızdır, belə ki, BMT-yə təklif olunmuş qətnamədə belə bir bənd var idi ki, biz Minsk qrupunun səylərini, tənzimləmə prinsiplərinə sadiqliyi dəstəkləyirik. Ona görə də bu cür dəlillər əsassızdır, onlar məsələdən xəbərdar olmayan adamlar üçün nəzərdə tutulmuşdur.

Lakin Minsk qrupu danışıqlar prosesinin ruhuna və müzakirə mövzusuna, daha dəqiq desək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların öz yurdlarına qaytarılması, eləcə də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsinə heç vaxt etiraz etməmişdir. Əgər onlar danışıqlar prosesinin detallarını açıqlamaq istəyirlərsə, qoy bunu axıra qədər açıqlasınlar. Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa, 5 ildən, 10 ildən, 100 ildən sonra, hansısa plebisit yolu ilə və ya hər hansı başqa şəkildə ayrılması məsələsi heç vaxt danışıqların mövzusu olmamışdır və olmayacaqdır.

Səsvermə onu da göstərdi ki, həmsədr ölkələrdən bəziləri BMT-nin üzvləri arasında fəal lobbiçilik edərək və təbliğat apararaq, həmin ölkələri öz tərəflərinə cəlb etməyə çalışsalar da, bu cəhd baş tutmamışdır. Həmsədr ölkələr - dünyanın aparıcı ölkələridir, nüvə dövlətləri, BMT Təhlükəsizlik Şurasının üzvləridir. Kim onların mövqeyini dəstəklədi? Vanuatu? Yaxud Anqola? Bu, dünya ictimaiyyətinin əhval-ruhiyyəsinin göstəricisi, hər halda, dünyada haqq-ədalətin olmasının göstəricisi idi. Buna görə də mən bir daha demək istəyirəm ki, səsvermənin yekunları bizi qane edir. Biz bu mövqedən bircə addım da geri çəkilməyəcək və çalışacağıq ki, danışıqlar prosesi gələcəkdə müsbət məcrada getsin. Lakin əlbəttə, Ermənistanın mövqeyi, Ermənistan rəhbərliyinin sülh prosesinə nə dərəcədə sadiq olacağı məsələsində hələlik bizdə aydınlıq yoxdur. Ermənistan tərəfi qoşunların təmas xəttində vəziyyəti kəskinləşdirməklə dünya ictimaiyyətinin diqqətini bu ölkədə gedən daxili siyasi proseslərdən yayındırmağa cəhd göstərdi, lakin buna nail ola bilmədi. Ona görə də indi biz danışıqlar prosesi barədə müəyyən fikir deyə bilmərik. Çünki biz bilirik ki, indi Ermənistan cəmiyyətində parçalanma baş vermişdir, orada birlik, o cümlədən münaqişənin tənzimlənməsi məsələsi barədə fikir birliyi yoxdur. Belə şəraitdə biz, sadəcə olaraq, orada hadisələrin necə inkişaf edəcəyini və Ermənistanın rəhbərliyinin məsul qərarlar qəbul etməyə nə dərəcədə qadir olacağını müşahidə etməliyik. Lakin mən hesab edirəm ki, bu cür qərarlar qəbul etməyin vaxtıdır. Qarşıdurmanın nəticələrini və hər iki ölkənin inkişaf səviyyəsini nəzərə alsaq, bu qarşıdurmada kimin qalib gəldiyini söyləmək mübahisəli məsələdir.

Müharibə hələ qurtarmayıb, onun birinci mərhələsi başa çatıbdır. Lakin 1994-cü ildən bəri davam edən atəşkəs kimin real müstəqilliyi qoruyub saxlamağa, tərəqqi və inkişaf yoluna qədəm qoymağa nail olduğunu və kimin ölkəni xaosa, vətəndaş müharibəsinə sürüklədiyini, kimin öz xalqının qanını axıtdığını göstərdi. Qan üstündə hakimiyyətə gələnlər, bir qayda olaraq, elə qan tökməklə də hakimiyyətdən gedirlər. Ermənistanda istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra baş verən hadisələr həm də Ermənistanın Azərbaycana münasibətdə təcavüzkar işğalçılıq siyasətinin nəticəsidir. Əgər Qafqazda sülh olsaydı, əgər Ermənistan və Azərbaycan arasında müharibə vəziyyəti olmasaydı, yəqin ki, oradakı hadisələr başqa ssenaridə gedərdi. Hazırda iki ölkə arasındakı fərq bizim xeyrimizə artır, Ermənistanın və Azərbaycanın iqtisadi potensiallarını müqayisə etmək mümkün deyildir. Bu gün bizim iqtisadiyyatımızın həcmi Ermənistan iqtisadiyyatından, ən azı, dörd-beş dəfə böyükdür. Bu gün bizim valyuta ehtiyatlarımız təqribən 8 milyard dollardır və bu il ərzində minimum iki dəfə artacaqdır. Bizim inkişaf perspektivlərimiz var, müvafiq proqramlarımız var, dünya bazarlarına çıxışımız var və özü-özünü təcrid edən ölkə deyilik. Əlbəttə, hər bir ölkə öz yolunu özü seçir. Biz demokratiya yolunu, sosial ədalət, regionda inteqrasiya proseslərinin inkişafı yolunu seçmişik və bu yolla uğurla irəliləyirik. Ermənistan isə təcridçilik, təcavüz, başqasının ərazilərini işğal etmək, beynəlxalq hüququn prinsiplərini pozmaq yolunu, etnik təmizləmə siyasətini seçmişdir. Bunun nəticəsinin nə olduğunu özünüz görürsünüz. Əgər onlar Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törətmişdilərsə, Yerevanda seçkilərdən sonra erməni xalqının özünə qarşı cinayət törətdilər.

- Müsahibəyə görə çox sağ olun.

- Sağ olun.

Siyasət

İqtisadiyyat

Cəmiyyət

Ölkənin bölgələri

Xarici xəbərlər

Eksklüziv

Press-reliz

Anonslar

Nəzər nöqtəsi

Norm Bizim Usta

COP29