Bakıda yağan güclü qar və yolların buz bağlaması Rusiyaya gedən beynəlxalq sərnişin avtobuslarının reyslərinin ləğv edilməsinə səbəb olub.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Nəqliyyat Nazirliyinin mətbuat xidməinin rəhbəri Namiq Həsənov məlumat verib.
“Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı–Quba yolundakı vəziyyətə görə Rusiyaya hərəkət edən avtobuslar reysə çıxmayıblar” – deyə N.Həsənov bildirib.
O həmçinin, qeyd edib ki, ümumilikdə beynəlxalq istiqamətlər üzrə nəzərdə tutulan reyslərə 35-40 avtobusdan yalnız 11-i çıxıb. Bunlar əsasən, qərb istiqamətində Bakı - Qazax avtomagistralı üzrə hərəkət edən avtobuslardır.
“Şəhərdaxili sərnişin daşımalarına gəlincə, hazırda reysə 720 avtobus çıxıb ki, bunlardan da bir neçəsi qarajlara qayıtmağa məcbur olub. 300-400-ə yaxın avtobus isə yollarda batıb qalıb. Son günlər ərzində 70-ə yaxın avtobus qəzalar nəticəsində zədələnib.
İctimai nəqliyyatın hərəkəti ilə əlaqədar Günəşli, Əhmədli, Yasamal qəsəbələrinin yollaraında çətinliklər müşahidə edilir. ”Nəqliyyat Nazirliyinin yol xidməti yollatrın təmizlənmıəsi üçün bütün lazımi tədbirləri görür”, - deyə N.Həsənov qeyd edib.
Bundan başqa, əlverişsiz hava şərsaiti ilə əlaqədar cümə axşamı bir neçə aviareys də təxirə salınıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Məlumat Bürosundan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, cümə axşamına İstanbula planlaşdırılan iki reys, eləcə də Moskva, Minsk, Praqa, Nijniy Novqorod, Frankfurt reysləri ləğv edilib. Bununla belə, səhər tezdən “Bakı–London “ aviareysi həyata keçirilib.
“İnterfak- Azərbaycan” agentliyinin müxbirlərinin verdiyi məlumata əsasən, güclü qar şəhərin kommunal təsərrüfatında bir çox problemlərə səbəb olub. Sinoptiklərin dəfələrlə pis hava şəraiti barədə xəbərdarlıqlarına baxmayaraq, şəhər icra strukturları hadisələrin bu cür gedişatına hazır olmadıqları müəyyən olub. Onlar yolların təmizlənməsinin öhdəsindən gələ bilmirlər, nəticədə nəqliyyatın, o cümlədən sərnişin daşımanın hərəkətində problemlər yaranıb. Şəhər İcra Hakimiyyətinin aldığı müasir qartəmizləyən maşınlar küçələrdə müşahidə edilməyib.