Azərbaycan Beynəlxalq Bankı (ABB) özünün “IBA-Express” təcili pulköçürmə sisteminin tətbiqini genişləndirir. Bu barədə bankın məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, 2009-cun ildə ABB Azərbaycan və Rusiya arasında pul tədavülünü genişləndirmək məqsədilə “ABB Moskva”nın hazırladığı “IBA-Express” təcili pulköçürmə sistemini tətbiq edib.
“ABB-Moskva”nın filial şəbəkəsinin artması ilə bu təcili pulköçürmə sisteminin də coğrafiyası genişlənib, əməliyyatların sayı artıb. “IBA-Express” sistemin xidmətindən təkcə paytaxt Moskvada deyil, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində də yararlanmaq mümkündür. Sistemə olan tələbatın artması bu xidmətin “ABB-Gürcüstan” bankı vasitəsi ilə Gürcüstanda da istifadəsini reallaşdırıb”, - deyə məlumatda vurğulanır.
“IBA-Express” xidməti fiziki şəxslər arasında 1% komisyon haqqı ödənilməklə 5-10 dəqiqə ərzində təcili pul köçürmələrinin həyata keçirilməsini təmin edir.
ABB-nın məlumatına görə, “IBA-Express” sistemi vasitəsilə Rusiyadan Azərbaycana $61 mln. 125,777 min, 132 mln. 633 min 326,31 rubl, 763,223 min avro həcmində pul göndərilib. Azərbaycandan Rusiyaya $7 mln. 350 min 123,96, 10 mln. 804,286 min rubl və 172,028 min avro göndərilib..
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın nizamnamə kapitalı 240 mln. manata bərabərdir. Bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.
ABB 2010-cu ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 30-cu, Azərbaycan bankları arasında 1-ci yeri tutub.