Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsinə ehtiyac ATƏT-in Minsk qrupunun formatının dəyişilməsini zəruri edir. Azərbaycan politoloqu Fikrət Sadıqov belə hesab edir.
“ATƏT-in Minsk qrupunun formatını yenidən təşkil etmək, genişləndirmək, buraya yeni oyunçuları daxil etmək lazımdır”, - deyə F.Sadıqov “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Bakıya ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərini şərh edərək bəyan edib.
Ekspertin fikrincə, vasitəçilərin formatının dəyişməsi zamanı istifadə olunmalı çox sayda variantlar var. “Məsələn, dünya cəmiyyəti tərəfindən Yaxın Şərq nizamlanmasında istifadə edilən, yəni BMT, Avropa İttifaqı, ABŞ və Rusiya daxil olduğu “Yaxın Şərq kvarteti” formatını tətbiq etmək olar. Həmçinin, İran probleminin həllində istifadə edilən BMT-ın Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın daxil olduğu “altılıq”formatını tətbiq etmək olar”, - deyə o qeyd edib.
Lakin F.Sadıqov qeyd edib ki, ATƏT-in Minsk qrupunun formatının əvəzedilməsi zamanı əsas meyar bu strukturun fəaliyyətinin məhsuldar olmasıdır. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cəlb ediləcək dövlətlərin tərkibinin formalaşmasında əsas məsələ əlbəttə, effektivlik olmalıdır”, - deyə politoloq vurğulayıb.