Azərbaycan Prezidentinin Administrasiyasının mətbuat xidməti müxalifət “Azadlıq” qəzetindən dövlət başçısının saatı ilə əlaqədar məlumatın təkzib edilməsini tələb edib.
“Əgər “Azadlıq” qəzeti yalan məlumatın (Prezident Ilham Əliyevin saatı barədə - İF-Az) dərc olunduğu zamandan etibarən üç gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”,- deyə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd edeilir ki, “Azadlıq” qəzeti üzun müddətdir ardıcıl şəkildə Azərbaycan Prezidenti İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. “Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində İlham Əliyevin guya qiyməti $800 min olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib. Məsələ ilə əlaqədar bildiririk ki, prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir”, - deyə məlumatda deyilir. .
“Azadlıq” qəzeti bir gün öncə sosial şəbəkələrdə yayılan məlumatlara əsasən bildirib ki, Prezident İlham Əliyev qiyməti $800 min olan “Blancpain 1735 Grande” markalı qol saatından istifadə edir.