Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iki gənc azərbaycanlı şairin İranın xüsusi xidmət orqanları tərəfindən saxlanmasını rüsvayçılıq adlandırıb.
"Bu, biabırçılıqdır. Hər gün Azərbaycan-İran sərhədini on minlərlə adam keçir. Biz onların hər birinə casus kimi baxsaq, bu, mehriban qonşuluq münasibətləri normalarına cavab vermir. İki gənc insanın valideynlərinin narahatlığını təsəvvür edirəm. Heç olmasa, onların saxlanıldığı yeri açıqlayardılar (İran tərəfi – İF-Az)”, - deyə Ə.Həsənov bazar ertəsi mətbuat konfransında bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuat konfransında qeyd edib ki, İranın xüsusi xidmət orqanları tərəfindən iki Azərbaycan vətəndaşı saxlanılıb və indiyədək onların olduğu yer məlum deyil.
"Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluq o cümlədən İranın Xarici İşlər Nazirliyində də bir neçə görüş keçirib. Təəssüf ki, onlar bununla bağlı hər hansı məlumatın olmadığını bildirirlər", - deyə o söyləyib.
"Biz şairlərimizin taleyinin müəyyənləşdirilməsi istiqamətində səyləri davam etdiririk", - deyə XİN nümayəndəsi vurğulayıb.
İki gənc azərbaycanlı şair – Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseyni may ayının əvvəlində poeziya gecəsində iştirak etmək üçün səfər etdikləri Təbrizdə saxlanılıblar.