Moskvada keçirilən “Ənənələr və müasirlik” adlı VI Beynəlxalq İncəsənət Festivalında Azərbaycanı Məryəm Ələkbərli və Rəşad Mehdiyev təmsil edib.
Moskva Müasir İncəsənət Muzeyində M.Ələkbərlinin sərgisinin kuratoru Olqa Sviblova söyləyib ki, “Məryəm incəsənətlə və incəsənətdə yaşayır. O, incəsənət vasitəsilə özünü kəşf edib və onu dünya ilə ünsiyyətinin başlıca vasitəsinə çevirib. Ola bilsin ki, məhz buna görə onun bədii mesajı bu qədər güclü və inandırıcıdır”,deyə o qeyd edib.
Sərgidə Azərbaycanı daha bir tanınmış rəssam, Dövlət Rəssamlıq Akademiyasının müəllimi, fəlsəfə elmləri doktoru Rəşad Mehdiyev təmsil edir. “Ənənələr və müasirlik” festivalı çərçivəsində Moskvada onun ilk sərgisi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Onun rəsmləri tamaşaçıları valeh edib , istər tanınmış sənətşünaslarda, istərsə də sıravi rəsm həvəskarlarında canlı maraq doğurub
Festivalın təşkilatçısı Moskva mədəniyyət departamentinin, Rusiya Federasiyası Dövlət Dumasının Mədəniyyət Komitəsinin, “World for Cultur and Peace” Beynəlxalq Fondunun və Rusiya Rəssamlıq Akademiyasının dəstəyi ilə UNESCO-nun himayəsi altında Mədəniyyətə və müasir incəsənətin inkişafına yardım üzrə Moskva İctimai Fondudur.
Festivalın beynəlxalq münsiflər heyətinə SSRİ, Rusiya və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov başçılıq edir. Festivalda onun da əsərləri nümayiş etdirilir.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy incəsənət festivalını əlamətdar hadisə adlandırıb . O, xüsusilə qeyd edib ki, gözəl rəssamların iştirakı ilə təşkil olunmuş sərgi görkəmli rəssam Tahir Salahovun rəhbərliyi altında keçirilir. İki mədəniyyətə məxsus olan rəssamın yaradıcılığı bu festivalın adında öz əksini tapmışdır: ənənələr və müasirlik. “Burada müxtəlif nəsillərin sənətkarları, müxtəlif estetik baxışlar təmsil olunub və zənnimcə, sərginin gözəlliyi də bundadır”,- deyə o əlavə edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, belə layihələr mədəniyyətlərimizi yaxınlaşdıran, qarşılıqlı mədəni əlaqələri gücləndirən, MDB-nin Humanitar Əməkdaşlıq Fondunun hərtərəfli dəstəklədiyi mühüm inteqrasiya prosesidir. “Biz bu festivalı həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Düşünürəm ki, Tahir Salahov kimi görkəmli sənətkarın və gənc rəssam Məryəм Ələkbərlinin pavilyonlarının yan-yana olması çox önəmlidir. Bu, müxtəlif mədəniyyətlər, müxtəlif dəst-xətlərdir. Lakin bütün bunlar hamımızı zənginləşdirir”,- deyə səfir qeyd edib.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bildirib ki, festivalda 30-dan çox ölkə iştirak edir. Bu festivalda görüşmək müxtəlif ölkələri təmsil edən rəssamlar üçün böyük sevincdir. O xüsusi vurğulayıb ki, burada incəsənətlə nəfəs alan müxtəlif nəsillərdən olan rəssamların əsərləri nümayiş etdirilir. “Bizim görüşməyimiz, yaradıcılıq təcrübəmizi bölüşməyimiz üçün məkanın olması böyük xoşbəxtlikdir”.
Festivalın ideyası müxtəlif ölkə və xalqların mədəniyyətini yaxınlaşdırmaq, milli kolorit və ənənələri əks etdirən əsərləri təqdim etmək, dünya incəsənətinin geniş palitrasını göstərmək, müasir mədəniyyətin bütün ənənə və istiqamətlərini bir sərgi məkanında birləşdirməkdir.