Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bakı gecələri – 2012” Estrada Mahnı Festivalına start verilib. Bu barədə İdarənin saytında məlumat verilir.
Festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
“Bakı Gecələri” Estrada Mahnı Festivalı 2008-ci ildən etibarən keçirilir.
2011-ci ildə estrada janrında yazılan mahnıların az olduğunu nəzərə alaraq, Təşkilat Komitəsi festivalın 2 ildə bir dəfə keçirilməsini qərara alıb.
Festivalda iştirak etmək üçün mahnıların qəbulu elan olunduğu gündən başlayaraq noyabr ayının 1-ə kimi davam edəcək. Festivala təqdim olunmuş mahnılar Təşkilat Komitəsi tərəfindən qəbul ediləcək və efir proqramına daxil ediləcək mahnılar seçiləcək. Səsvermə noyabr ayının 20-ə kimi davam edəcək və onun nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı “Bakı gecələri” Estrada Mahnı Festivalının qalibləri elan ediləcək. Qalib mahnılar dekabrın 24-də Heydər Əliyev Sarayında keçirilən Qala-konsertdə tamaşaçılara təqdim olunacaq.
I yerə görə diplom və 5 min manat, II yerə görə diplom və 3 min manat, III yerə görə diplom və 2 min manat pul mükafatı veriləcək.