2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalının həcmi 25,8 mlrd. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 3,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə qeyri-neft sektorunda sənaye məhsullarının istehsal həcminin artımı 7,7%, neft sənayesində azalma 5,6%-ə bərabərdir
Cari ilin yanvar-sentyabr aylarında məhsulun 76,4%-i mədənçıxarma bölməsində, 18,3%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
9 ay ərzində məhsul istehsalı mədənçıxarma bölməsində 5,7% azalıb. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 32,8 mln. ton, qaz hasilatı 12,8 mlrd. kubmetr, qızıl 1,1 ton, gümüş 0,477 ton təşkil edib.
Yanvar-sentyabr aylarında emal bölməsində məhsul istehsalı 7,9% artıb.
Emal sektorunda qida məhsulları istehsalı - 3,13%, içki istehsalı - 10,5%, toxuculuq sənayesi məhsulları istehsalı - 2,3 dəfə, geyim istehsalı – 55,9%, poliqrafiya fəaliyyəti – 1,9 dəfə, rezin və plastik məmulatlar istehsalı – 2,9 dəfə, tikinti materialları istehsalı - 19,4%, metallurgiya sənayesi məhsulları istehsalı - 16,6% artıb.
Yanvar-sentyabr aylarında hazır metal məmulatları istehsalı - 1,7 dəfə, elektrik avadanlıqları istehsalı - 2,1 dəfə, sair nəqliyyat vasitələri istehsalı – 20,1%, mebel istehsalı - 3,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri - 26% artıb.
Yanvar- sentyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində artım 8,8% təşkil edib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın həcmi 2,6% artıb.