Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Barak Obamaya təbrik məktubu göndərib.
“Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsi işində birgə iştirakımız dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib”, - deyə İ.Əliyev qeyd edir.
Dövlət başçısı əmin olduğunu bildirir ki, B.Obamanın növbəti prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlıq daha da genişlənəcək və möhkəmlənəcək, iki ölkə birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcək.
“Azərbaycan, həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir”, - deyə məktubda qeyd edilir.