“Azəryolservis” ASC Zabrat-Maştağa-Buzovna avtomobil yolunun yenidən qurulması və bərpası işlərinə başlayıb. Bu barədə cəmiyyətdən məlumat verilib.
“Ümumi uzunluğu 14 km olan Zabrat–Maştağa-Buzovna avtomobil yolunun, Zabrat-Maştağa hissəsinin uzunluğu 5 km, hərəkət zolaqlarının sayı 4, Maştağa-Buzovna hissəsinin uzunluğu 9 km, hərəkət zolaqlarının sayı 2-dir. Yenidənqurma və bərpa işlərindən sonra Zabrat-Maştağa avtomobil yolunda hərəkət zolaqlarının sayı 6, Maştağa-Buzovna avtomobil yolunda hərəkət zolaqlarının sayı 4-ə qədər artırılacaq”, - deyə məlumatda qeyd olunur.
Məlumata əsasən, yolun Zabrat-Maştağa hissəsində qrunt sularının səviyyəsinin yüksək olmasını nəzərə alaraq, yolun müəyyən hissələrində torpaq yatağı qaldırılıb, suların nizamlı axınını təmin etmək üçün suötürücü boru xətləri quraşdırılır. Həmçinin yolun bəzi hissələrində asfalt-beton örtüyün alt layının tikilməsinə başlanılıb.