Nəqliyyat Nazirliyi 2012-2013-cü illər üzrə payız-qış mövsümündə avtomobil yollarında hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə qərargah yaradıb. Bu barədə “Azəryolservis” ASC-nin məlumatında deyilir.
"Qərargah payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mərkəzi aparatında yaradılıb", - deyə məlumatda vurğulanır.
Qərargah tərəfindən qarlı və şaxtalı havalarda yollarda yarana biləcək problemləri aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, avtomobil yollarına mütəmadi baxışlar aparılır, mövcud problemlər aradan qaldırılır.
Məlumata görə, mərkəzi aparatda və bölgələrdə yerləşən yol istismar idarələrində 24 saat fəaliyyət göstərən növbətçi briqadalar yaradılıb.
“Yol texnikası, maşın və mexanizmlər, nəqliyyat vasitələri saz vəziyyətə gətirilib, material ehtiyatı yaradılıb (texniki duz, qum, yanacaq və s.), işçilər xüsusi geyim formaları ilə təmin olunub”, - deyə məlumatda qeyd edilir.