Dekabrın 19-20-də Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Parlament Assambleyasının növbəti - beşinci iclası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında deyilir.
GUAM PA-nın beşinci iclasında quruma üzv dövlətlərdə avrointeqrasiya prosesləri: Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
İclasda quruma üzv olan ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər.