Azərbaycanın GUAM-da hazırki sədrliyi Qara dəniz və Xəzər dənizi regionunda sabitliyin möhkəmlənməsi və inkişafa imkan yaradıb. Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili cümə günü Bakıda keçirilən GUAM Parlament Assambleyasının 5-ci iclasında bəyan edib.
“Müxtəlif layihələr və əməkdaşlıq proqramlarının reallaşdırılması vasitəsilə biz Qara dəniz və Xəzər dənizi regionunda sabitliyi və inteqrasiya proseslərini möhkəmləndirdik. Bu cari sədrliyin ciddi uğurudur”, - deyə o vurğulayıb.
V.Çeçelaşvili Azərbaycanın təşkilatın inkişafına ciddi dəstək göstərməyə davam edəcəyinə ümid etdiyini bildirib. “Bizim üçün müxtəlif platformalarda, xüssusilə parlament əməkdaşlığında sizin dəstəyinizə böyük ehtiyacımız var. GUAM-ın xarici siyasət prioriteti Avropa İttifaqına yaxınlaşma və regionumuza Avropa prinsipləri və ənəkdaşlıq standartlarının gətirilməsidir”, - deyə o qeyd edib.
Baş katib həmçinin bildirib ki, GUAM Parlament Assambleyası öz fəaliyyətini aktivləşdirir və təşkilat üzvləri arasında müxtəlif mürəkkəb problemlərin həlli üzrə daha əhəmiyyətli foruma çevrilir. Onun sözlərinə görə, bu o cümlədən yeni layihələrin və əməkdaşlıq proqramlarının hazırlanması, GUAM iştirakçı ölkələr qarşısında duran bir sıra mürəkkəb problemlərə dair birgə mövqelərin işlənməsinə aiddir.