Hal-hazırda Diasporla Iş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və digər müvafiq dövlət orqanları ilə birlikdə Fransada Azərbaycan diasporu üzvlərinin ermənilər və fransız deputat tərəfindən vəhşicəsinə döyülməsi faktını araşdırır.Bu barədə Diasporla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki,dünən, fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşenbloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.
Qeyd edək ki, fevralın 26-da Fransadakı erməni diasporunun təşkilatçılığı və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olub və iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər.
Komitədən bildirilib ki, komitə bir neçə gün öncə Türkiyədə Xocalı soyqırımı ilə bağlı quraşdırılan stendlərin naməlum qrup tərəfindən dağıdıldığını xatırladıb: “Bütün bunlar erməni lobbisi və diasporunun Azərbaycan diaspor təşkilatlarının fəallaşmasından ciddi narahatlıq keçirdiyini bir daha təsdiqləyir. Dövlət Komitəsinə daxil olmuş məlumatların təhlili göstərir ki, bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür. Lakin belə təşəbbüslər Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əngəlləyə və Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkindirə bilməz!”,- deyə komitənin məlumatında bildirilir.