2013-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) avtomobil benzininin istehsal həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% - 229,3 min tonadək artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, yanvar-fevral aylarında ağ neft istehsalı 23,6% - 118,3 min ton, dizel yanacağı istehsalı 24,8% - 442,5 min ton, neft bitumu istehsalı 28,1% - 48,3 min tona qədər artıb.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalında 7,1% - 28,9 min ton, sürtkü yağları istehsalında 15,7% - 5,9 min ton azalma qeydə alınıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.