Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması layihəsi üzrə qrant sazişi imzalanıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Sənədi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn imzalayıb.
Layihə çərçivəsində ölkənin 15 şəhərində: Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba və Şəkidə təlim mərkəzlərinin yaradılması planlaşdırılır.
Koreya mütəxəssisləri bu mərkəzləri xüsusi təhsil informasiya sistemi və digər zəruri avadanlıqlarla təmin edəcəklər. Beləliklə, dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar.