Bu gün Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yazı müsabiqəsinin yekunları üzrə mükafatlandırma mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Müsabiqə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən təşkil edilib.
Dövlətçiliyimizin bərpa edilməsində Heydər Əliyevin rolu barədə danışan Şura sədri Azay Quliyev deyib ki, müsabiqə iştirakçıları arasında Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya Qazaxıstan və Türkiyədən jurnalist və publisistlər iştirak edirlər. “Heydər Əliyev bütün bu ölkələrə dəfələrlə səfər edib, diplomatik əlaqələr qurub və bu ölkələrin vətəndaşlarının Heydər Əliyevlə bağlı çoxlu xoş xatirələri var”, - deyə o, mərasimdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Heydər Əliyevin uğurları yalnız Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda da tanınırdı. Buna görə də müsabiqənin beynəlxalq səviyyədə keçirilməsinə qərar verildi.
“Münsiflərə təqdim edilən işləri qiymətləndirmək asan olmadı, lakin ədalətli qərar verildi”,- deyə A.Quliyev əlavə edib.
Müsabiqənin yekunlarına əsasən, baş mükafata “Mənim Heydər Əliyevlə tanışlığım” məqaləsinin müəllifi, Gürcüstan Aqrar Universitetinin məzunu Tamriko Şakaya layiq görülüb. Həmçinin Alma Saqınvali (Qazaxıstan), Xoriya Razvan Qarbeya (Rumıniya) Aleksandr Karavayev (Rusiya), Gözdə Kılıç Yaşın (Türkiyə) və Anastasiya Nikolayeva (Ukrayna) da mükafatlandırılıblar.
Münsiflər heyətinin tərkibinə Milli Məclisin deputatı Elmira Axundova, “İnterfaks-Azərbaycan” agentliyinin direktoru Aleksandr İvanov, “Azəri press” holdinqinin prezidenti Vüsalə Mahirqızı, Azərbaycan Jurnalistlər İttifaqının baş katibi, Bakı Dövlət Universitetinin kafedra müdiri Ramiz Əsgər, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “1news.az” İnformasiya Agentliyinin direktoru Rəhman Hacıyev daxildir.
Diplomçular arasında “Moskovskiy komsomoleç” qəzetinin siyasi icmalçısı Aleksandr Budberq, eləcə də TASS agentliyində müxbir işləyərkən dəfələrlə Heydər Əliyevlə görüşmüş, ölkədaxili və xarici səfərlərində onu müşayət etmiş Valeri Calaqoniya da var idi.
Diplomları təqdim edən “İnterfaks-Azərbaycan” agentliyinin direktoru Aleksandr İvanov bildirib ki, uzun illər Heydər Əliyevin yanında olmuş insan kimi 70-ci illərdə onun Azərbaycanda KİV-lərin banisi olduğunu əminliklə söyləyə bilər. “Heydər Əliyev xaricə səfərlərdə onu müşayət edən peşəkar jurnalistlər komandası toplamışdı”,- deyə A.İvanov bildirib.
A.İvanov bu gün Rusiyanın istifadə etdiyi BAM (Baykal-Amur Magistralının) tikintisində Heydər Əliyevin rolu barədə də danışıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov A.Budberqin “Qorxmaz insan” məqaləsini xüsusi qeyd edib. O bildirib ki, məqalənin müəllifi hazırda xəstədir və reanimasiyadadır, lakin Heydər Əliyev haqqında məqalənin yazılması ilə bağlı müsabiqədə iştirak edəcəyi xəbəri onu sevindirib.
“Biz A.Budberqlə daim yazışırdıq, o, Rusiyanın ən yaxşı publisistlərindən biridir”, - deyə F.Axundov vurğulayıb.
O əlavə edib ki, A.Budberq Azərbaycanı ikinci vətəni hesab edir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, bu tədbirin təşkil edilməsi bir daha sübut edir ki, Heydər Əliyev şəxsiyyəti respublikanın hüdudlarından kənarda tanınır və qiymətləndirilir.
“Heydər Əliyevin fəaliyyəti yalnız Azərbaycan üçün deyil, bütün region, bütün Avrasiya üçün əhəmiyyətlidir. O, Qərblə Şərq arasında siyasi, iqtisadi, sosial və mədəni sahələrdə körpü rolunu oynayırdı”,- deyə Ə.Həsənov bildirib.