İran tərəfi iki Azərbaycan vətəndaşının saxlanılması səbəblərini açıqlamayıb. Bu barədə cümə günü jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“Əgər həmin şəxslərin günahı yoxdursa, Azərbaycan dövləti onların azad edilməsi üçün səylərini əsirgəməyəcək”, - deyə o bəyan edib.
Nazir müavininin sözlərinə görə, onların saxlanıldığı yeri müəyyənləşdirmək üçün diplomatik kanallarla bütün lazımi tədbirlər həyata keçirilib.
“Azərbaycan vətəndaşlarının İranda saxlanılması xoşagəlməz faktdır. Bu məsələ ölkə ictimaiyyətini, o cümlədən dövlət orqanı kimi bizi də narahat edir. Hüquqi yardımın göstərilməsi diplomatların bilavasitə vəzifəsidir”, - deyə X.Xələfov bildirib.