Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI Qurultayında yenidən bu vəzifəyə seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Cümə axşamı Bakıda Azərbaycan jurnalistlərinin VI Qurultayı keçirilib.
Qurultayın gündəliyinə Mətbuat Şurasının Nizamnaməsinə və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına dəyişikliklər daxil edilib.
Qurultayda Mətbuat Şurası sədrinin və Nəzarət Təftiş Komissiyasının məruzələri dinlənilib.
Qurultay nümayəndələri İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibini seçiblər.
Jurnalistlərin Peşə Davranışı Qaydalarına dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanıb.
Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər Şuranın İdarə Heyətinin tərkibinin 17 həqiqi və 5 ehtiyat üzv olmaqla genişləndirilməsini nəzərdə tutur. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olacaq.