Oktyabrın 19-dan 27-dək Kiyevdə 43-cü Beynəlxalq “Gənclik” kinofestivalı keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Festivalda Azərbaycan və Ukrayna kinematoqrafçılarının birgə lentə aldıqları “Sakura” qısametrajlı filmi də nümayiş etdiriləcək.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Novruz Hikmət, operatoru Yuri Dunay, prodüserləri Novruz Hikmət və İrina Biçevadır.
Çəkilişləri Kiyevdə aparılmış ekran əsərində baş rolu Azərbaycanın əməkdar artisti Ayşad Məmmədov oynayıb. Onun tərəf-müqabili isə Ukraynanın teatr aktrisası Tatyana Qavrilyukdur.