Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovla rəftardan narazı olan bir qrup vətəndaş cümə günü Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verib.
Əvvəlcə aksiya yerinə Beynəlxalq Diaspor Mərkəzinin iki fəalı gələrək toplaşan jurnalistlər arasında qətnamə yayıb. Qətnamədə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Zeynalova qarşı qeyri-humanist münasibətdən narazılıq ifadə olunub. Bununla yanaşı, sənədin müəllifləri diaspor nümayəndələrini yaşadıqları ölkənin qanunlarına hörmətlə yanaşmağa çağırırlar.
Daha sonra səfirliyə daha bir neçə nəfər yaxınlaşdı. Onlardan biri özünü Qarabağ müharibəsi əlili kimi təqdim edərək Rusiyanı Azərbaycan torpaqlarının işğal olunmasına kömək etməkdə ittiham edib və etiraz əlaməti olaraq çəkməsini diplomatik missiyanın ərazisinə tullayıb.
Polis əməkdaşları onu saxlayıblar.
Hazırda jurnalistlər səfirliyə dəvət olunublar. Burada Rusiya Federsiyasının səfiri Vladimir Doroxinin onların qarşısında bəyanatla çıxış edəcəyi gözlənilir.
Rusiya səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, O.Zeynalovun ətrafında baş verənlərlə bağlı Azərbaycan ictimaiyyətinin narazılığı ilə əlaqədar diplomatik missiyada təhlükəsizlik tədbirləri gücləndirilib.