Oktyabrın 19-da BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavi BMT Təhlükəsizlik Şurasının "Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı" adlı ilk model konfransında iştirak etmək üçün Bakıya gəlir. Bu barədə BMT Təhlükəsizlik Şurasının model konfransının prezidenti Xanna Musa cümə günü mətbuat konfransında məlumat verib.
“Ə.Əlhəndavidən başqa, BMT-nin digər departamentlərinin rəhbərləri də Bakıya səfər edəcəklər, bu isə mühüm məqamdır”, - deyə o qeyd edib.
X.Musanın fikrincə, müxtəlif ölkələrin gənclərinin nümayəndələrinin iştirakı ilə bu cür konfransın keçirilməsi diplomatik səviyyədə müəyyən problemlərin həlli üçün bir növ simulyasiya oyunudur.
“Konfransın əsas mövzusu kibertəhlükəsizliklə bağlı olacaq. Biz bu mövzu üzrə hazırlaşmaları və ölkələrinin kibertəhlükəsizliklə bağlı mövqeyini bildirmələri üçün konfrans iştirakçılarına müraciət etmişik”, - deyə X.Musa bildirib.
O, həmçinin deyib ki, bu, həm təhlükəsizlik, həm də münaqişələrin nizamlanması üzrə simulyator olacaq.
Tədbirdə BMT Təhlükəsizlik Şurasının 5-i daimi və 10-u qeyri-daimi olmaqla 15 üzv ölkəsinin nümayəndələri iştirak edəcəklər.