Rusiyadakı azərbaycanlı əmək miqrantlarının son zamanlar üzləşdikləri problemlərlə bağlı hadisələr Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Deputat Fazil Mustafa parlamentdə Rusiyaya qazanc dalınca gedən azərbaycanlı əmək miqrantlarının problemlərinin həllinə yönəlmiş xüsusi dövlət proqramının hazırlanması və qəbul edilməsi təklifi ilə çıxış edib.
“Son günlər Rusiyada işləyən həmvətənlərimiz ciddi problemlərlə üzləşiblər. Biz Rusiyaya qazan dalınca getmiş insanların taleyi barədə düşünməliyik. Demək istəyirəm ki, bu gün Azərbaycan Rusiyadan 20 il öncəkinə nisbətən daha çox asılıdır”, - deyə F.Mustafa qeyd edib.
O, Rusiyadan çıxarılacaq yüz minlərlə azərbaycanlının məşğulluq məsələsi üzərində düşünməyin vacibliyini qeyd edib.
“Onlar üçün Azərbaycanda iş yerləri yaratmaq lazımdır. Bizdə qadınların əksəriyyəti işləmir, buna görə onlar üçün də iş yerləri yaratmaq lazımdır. Bu günlərdə bir bazarın bağlandığı, digərinin isə yandırıldığı Rusiyada Azərbaycan vətəndaşlarının diskriminasiyaya məruz qalmaması üçün xüsusi proqram qəbul etmək lazımdır. Bu, Rusiyada çalışan azərbaycanlıların və digər millətlərin diskriminasiyası məqsədi ilə qəsdən edilir”,- deyə F.Mustafa bildirib.
Deputat Sabir Rüstəmxanlı son günlər Rusiyada azərbaycanlı miqrantlarla bağlı yaranmış problemlərin həll edilməsi üçün Milli Məclisin adından Rusiya parlamentarilərinin ünvanına müraciət qəbul edilməsinin zəruriliyini bildirib.
“Azərbaycan parlamentariləri rusiyalı həmkarlarına müraciət etməlidirlər ki, onlar Azərbaycanın əmək miqürantlarının Rusiyanın inkişafına verdiyi töhfələr barədə düşünsünlər. Milli Məclis Rusiyadakı soydaşlarımıza təzyiq göstərilməməsi barədə vəsatət qaldırmalıdır”, - deyə söyləyən S.Rüstəmxanlı yaranmış problemlə bağlı məsələlərin Milli Məclisdə müzakirəsinin vacib olduğunu vurğulayıb.
“Bu gün Rusiyada bazarlar bağlanır. Bir neçə ay bundan əvvəl Rusiyada qızğın siyasi fəaliyyət göstərən azərbaycanlı milyarderlərə müraciət etmək istəyirəm. Onlar nə üçün bu gün susurlar? Onlar böyük bazar tikmək və soydaşlarımızı işlə təmin etmək imkanına malikdirlər. Bu azərbaycanlı milyarderlər oturub öz işlərini prezident Putinlə müzakirə edirlər. Nə üçün onlar Azərbaycanın əmək miqrantları ilə bağlı Rusiya rəhbərliyi qarşısında məsələ qaldırmasınlar və həmvətənlərimiz üçün kömək istəməsinlər”, - deyə deputat qeyd edib.
“Milli Məclisin deputatları Qənirə Paşayeva, Fəzail Ağamalı və digərləri Moskvanı Rusiya vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı məsələni siyasiləşdirməməyə çağırıblar.
“Bu cür mənfi hallar dünyanın hər yerində baş verir. Biz Rusiya tərəfini bu hadisə ətrafında süni şou yaratmamağa və müəyyən xalqların nümayəndələrinə qarşı kampaniya aparmamağa, azərbaycanlılara məqsədyönlü təzyiq göstərməməyə çağırırıq”, - deyə Q.Paşayeva bildirib.
O, Milli Məclisin Azərbaycan-Rusiya dostluq qrupuna Moskvaya getməyi və rusiyalı həmkarlarla bu problemi müzakirə etməyi təklif edib.
Milli Məclisin spikeri Oqtay Əsədov söyləyib ki, Azərbaycan parlamenti, o cümlədən Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupu bu problemi həll etməyə çalışırlar.
“Azərbaycanlılar Rusiyada məskunlaşmış çoxsaylı xalqlardan biridir. Bu gün Rusiyada kimsə mənfi şou yaratmağa cəhd edir və biz bu vəziyyəti daha da mürəkkəbləşdirməməliyik”,- deyə Milli Məclisin sədri qeyd edib.