Noyabrın 30-da Kiyevdə keçiriləcək “Uşaq Eurovision-2013” müsabiqəsində Azərbaycanı Rüstəm Kərimov təmsil edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Ukraynanın Milli Teleradio Şirkəti (UMTŞ) müsabiqədə iştirak edəcək ölkələrin siyahısını rəsmi olaraq açıqlayıb.
Müsabiqədə 12 ölkə iştirak edəcək: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.
Rüstəm Kərimov 2003-cü ildə Bakı şəhərində anadan olub. İki yaşından oxumağa, səkkiz yaşından isə fortepianoda ifa etməyə başlayıb. İndi Rüstəm R.Behbudov adına 2 saylı 11 illik Musiqi Məktəbində təhsil alir. Müsabiqədə Rüstəm Kərimov "Mən və mənim gitaram" mahnısını ifa edəcək.
“Uşaq Eurovision-2013” müsabiqəsi özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran “Be Creative” (“Yaradıcı ol”) devizi altında keçiriləcək.