Cümə günü Ukraynanın Kiyev şəhərində ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə naziri Nataliya Qerman, Ukraynanın xarici işlər naziri Leonid Kojara və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.
İclas zamanı GUAM üzv dövlətləri arasında qarşılıqlı siyasi fəaliyyət və GUAM+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq haqqında fikirlər səsləndirilib.
GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb.
GUAM-ın digər dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirilməsi haqda razılıq əldə olunub. Nazirlər GUAM üzv ölkələrinin Aİ ilə fəal əməkdaşlığını dəstəkləyiblər.
GUAM-da sədrlik Gürcüstan Respublikasından Moldova Respublikasına keçib.