Müdafiə Sənayesi Nazirliyi müxtəlif kalibrli silahların istehsalına başlayıb. Bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.
“2013-cü ildə Müdafiə Sənayesi Nazirliyinin 5 yeni istehsalat sahəsi istifadəyə verilib. Bu gün birinci istehsalat sahəsində 12,7 mm, 14,5 mm 23 mm və 30 mm çaplı silahların buraxılmasına başlanılıb. İkinci sahədə bütün növ sursatların utilizasiya prosesi həyat keçirilir”,- deyə o bildirib.
Nazirin sözlərinə görə, qalan istehsalat sahələrində 60 mm, 82 mm və 120 mm çaplı mərmilərin və aviasiya bombalarının doldurulması ilə məşğul olur. Burada müasir texnologiya əsasında mərmilərin doldurulması və seriyalı istehsalı prosesi həyata keçirilir.
“120 mm-lik minaatanların yaradılma mərhələsi başa çatıb və onların seriyalı istehsalına başlanlıb. Eləcə də 5,45 mm-dən 14,5 mm-ə qədər çaplı döyüş sursatlarının mənfi 50 dərəcədən müsbət 50 dərəcəyədək temperaturda sınaqlarının keçirilməsi üçün sınaq mərkəzi fəaliyyətə başlayıb”,- deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, 12,7 millimetr çaplı “Mübariz” snayper tüfənginin istehsalı üzrə işlər başa çatmaq üzrədir.
“Bu ilin sonunda tüfəng silahlanmaya qəbul olunacaq”, - deyə Y.Camalov qeyd edib.
“Azərbaycanda 2014-cü ilin dövlət sifarişi proqramı artıq formalaşdırılıb. Ölkənin güc strukturları artıq öz sifarişlərini veriblər. Bununla yanaşı, Türkiyə və bir sıra digər dövlətlər Azərbaycanda istehsal edilən müdafiə sənayesi məhsullarına maraq göstərirlər”,- deyə o bildirib.
“Biz 3 ölkədə beynəlxalq tenderlərə qatılaraq qalib olmuşuq. Hazırda bu məhsulun ixracının həyata keçirilməsi üzrə təşkilati işlər aparılır. Əsas idxalçılar Türkiyə, İordaniya və digər dövlətlərdir”,- deyə nazir əlavə edib.
O, həmçinin gələn ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” Beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıq barədə də danışıb.
“Bu sərgi regionda ilk belə tədbir olacaq. Hazırda biz sərgi ilə əlaqədar olaraq ciddi təşkilati işlərlə məşğuluq. 21 ölkədən 100-dən çox şirkət sərgidə iştirak edəcəyini təsdiqləyib”,- deyən Y.Camalov ümidvar olduğunu bildirib ki, sərgi ölkənin siyasi, iqtisadi, hərbi potensialının artmasına və nüfuzunun yüksəlməsinə kömək edəcək.
Çərşənbə axşamı “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində Y.Camalov qeyd edib ki, ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrin böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılaraq istifadəyə verilib. 2007-2013-cü illərdə nazirliyin tikinti və yenidənqurma işləri aparılıb, birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb. Onlardan üçü - 23, 30 və 40 mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 40x46 mm-lik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yıgımlarının, müxtəlif növ və çapda artilleriya silahlarının istehsalı üzrə sahələr bu il istifadəyə verilib.
Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, artıq nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb. 2013-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 2007-ci illə müqayisədə 34,4 dəfə, 2010-cu illə müqayisədə isə 2,8 dəfə artım əldə olunub.
Cari ildə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş məmulatlardan 40 mm-lik tank əleyhinə əl qumbaraatanını, 82 və 60 mm-lik minaatanları, AK-74M tipli avtomatı, döyüş və siqnal patronlarını, müxtəlif tipli əl qumbaralarını, tank əleyhinə minaları, əleyhqazları və s. göstərmək olar. Nazirliyin müəssisələrində istehsal edilən "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb. "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib.
O qeyd edib ki, 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, T-72 tankı üçün yağ-yanacaq baklarının və 120 mm-lik döyüş minasının yaradılması işləri tam başa çatdırılmış, məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Eləcə də BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılıb və sifariş olunan sayda təkmilləşdirilərək respublikamızın güc qurumlarına təhvil verilib. Aviasiya bombalarının nümunələri hazırlanıb və sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.