SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin iki hissəsində aşkar edilmiş sızmaların ləğv edilməsinə başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Magistral qaz kəmərinin 206-cı və 287-ci kilometrlərində sızmalar aşkar edilib. Təmir işləri SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən aparılır”, - deyə məlumatda qeyd edilir.
Azərbaycan qazının Rusiyaya ixracı “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin yeddi yerdə “Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolu ilə kəsişməsi səbəbindən dayandırılıb.
“Avtomobil yolunun tikinti işləri “Azərinşaatservis” MMC tərəfindən aparılır. Qeyd olunan kəsişmələrdə tikinti işərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bununla əlaqədar Rusiyaya qazın nəqli müvəqqəti dayandırılıb”, - deyə məlumatda qeyd olunur.
Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən xəbər verildiyi kimi, Azərbaycan yanvarın 13-dən Rusiyaya qaz tədarükünü tam dayandırıb. Qaz tədarükünün həcmi sutkada 3 mln. kubmetr təşkil edirdi. “Qazprom”dan məlumat verilib ki, Azərbaycan tərəfi qaz tədarükünün dayandırılma səbəbləri və tədarükün mümkün bərpa müddəti barədə hələ məlumat verməyib.
SOCAR-dan isə məlumat verilib ki, Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolunda təmir işləri ilə əlaqədar qazın ixracının dayandırılması barədə Rusiya tərəfinə yazılı qaydada rəsmi xəbərdarlıq edilib. Bununla belə işlərin başa çatdırılması və Rusiyaya qaz nəqlinin bərpa olunması tarixi dəqiqləşdirilmir.
Azərbaycan qazı Dağıstanın qaz təchizatı mənbələrindən biridir.