Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə Mərkəzin saytında məlumat verilir.
Rok-balladaları ilə dünyada şöhrət qazanan bəstəkar və ifaçı Maykl Bolton həm köhnə, həm də yeni mahnılarını səsləndirəcək.
Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb.
O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.
“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir.