Yaxın 10 ildə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına investisiya qoyuluşları təxminən $4 mlrd. səviyyəsində proqnozlaşdırılır. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çərşənbə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
“”Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, ilk növbədə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı önə çəkilib”, - deyə o qeyd edib.
Bununla yanaşı, nazir deyib ki, qiymətləndirmələrə əsasən, yaxın 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi və orta illik artım tempinin təqribən 15-20% həddində olması nəzərdə tutulur.
“Bu dövrdə ölkənin İKT sahəsinə $4 mlrd.-a yaxın investisiya qoyulması gözlənilir”, - deyə Ə.Abbasov vurğulayıb.
2013-cü ildə Azərbaycanın rabitə və poçt sektoruna 202,2 mln. manat vəsait qoyulub, bunun 65,1 mln. manatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olan müəssisələr tərəfindən təmin edilib. 2013-cü ildə İKT sektoru 14% artıb.