İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2014-cü ilin aprel ayında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası, sərnişinlərin icbari sığortası və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin icbari sığortası üzrə 1 mln. 880,598 min manat məbləğində sığorta haqqı əldə ediblər.
“2014-cü ilin aprel ayında İSB üzvləri bu 3 sığorta növü üzrə 25,875 min müqavilə bağlayıblar”,- deyə İSB-nin məlumatında bildirilir.
Daşınmaz əmlakın icbari sığortası üzrə 24,971 min (sığorta haqları 1 mln. 767,497 min manat təşkil edib), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 812 (sığorta haqları 58,32 min manat), sərnişinlərin icbari sığortası üzrə 92 müqavilə (sığorta haqları 54,781 min manat) bağlanıb.
İSB-nin məlumatına görə, 2014-cü ilin aprel ayında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə bağlanmış müqavilələrin sayı 2013-cü ilin aprel ayının göstəricisi ilə müqayisədə 2,46 dəfə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə müqavilələrin sayı 16,5% artıb.
Cari ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası haqqında müqavilələrin 87,43%-i yaşayış evləri və mənzillər, 0,16%-i inzibati binalar, 12,41%-i digər daşınmaz əmlakla bağlı olub.
Daşınmaz əmlakın icbari sığortası fiziki şəxslərə məxsus bütün növ tikililərə, yaşayış evləri və mənzillərə, hüquqi şəxslərin ofislərinə, dövlət əmlakına şamil edilir. Bununla yanaşı, yanğın, partlayış, elektrik şəbəkəsində qısa qapanma, su və kanalizasiya sistemlərində qəzalar, təbii fəlakətlər və s. nəticəsində baş vermiş faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə tarif sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Daşınmaz əmlakın icbari sığortası üzrə xidmət göstərmək üçün 12, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 11, sərnişinlərin sığortası üzrə 1 şirkətin lisenziyası var.