Azərbaycan və Fransa bazar ertəsi birgə Ticarət Palatasının yaradılmasını elan edəcək. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda məlumat verib.
Ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İndiyə qədər 45 sənəd imzalanıb ki, onlardan 17-si iqtisadi sahəyə aiddir. Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi əməkdaşlıq üçün əsas yaradıb”,- deyə Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, ötən ilin yekunları üzrə Azərbaycan və Fransa arasında mal dövriyyəsi $1,56 mlrd. təşkil edib. Bu il qarşılıqlı ticarət $370 mln. təşklil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 50% çoxdur.
Nazir əlavə edib ki, bu günə qədər Fransa Azərbaycan iqtisadiyyatına $2,4 mlrd. investisiya qoyub.
“Fransa şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymağa çalışmalıdır, çünki bu sahədə boşluq var. Fransanın bu göstərici üzrə doqquzuncu yeri tutması bizi qane etmir”, - deyə o qeyd edib.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 22 layihə çərçivəsində 51 Fransa şirkəti fəaliyyət göstərir, onların investisiyaları $1,8 mlrd. təşkil edib.
Nazir, həmçinin vurğulayıb ki, onun fikrincə, alternativ enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat kimi sahələr iki ölkə arasında əməkdaşlıq üçün perspektiv sahələrdir.
Y.Əliyev