Trans-Adriatik qaz kəməri (Trans Adriatic Pipeline, TAP) üçün avadanlıq istehsalı və tədarükü üzrə tenderlər 2014-cü ilin yayında elan ediləcək. Bu barədə TAP layihəsinin icraçı direktoru Ketil Tunqland çərşənbə günü Bakıda “Caspian Oil&Gas 2014” konfransında çıxış edərkən məlumat verib.
“Biz TAP layihəsinin tikintisi üzrə 15 iri müqavilənin müzakirəsi mərhələsindəyik. Bura Yunanıstan, Albaniya və İtaliyada qaz kəmərinin qurudakı və sualtı hissələrinin çəkilməsi, boruların, qaz-kompressor stansiyalarının, fiber optik kabelin və sairənin tədarükü daxildir”, - deyə K.Tunqland bildirib.
Onun sözlərinə görə, boru kəməri marşrutunda 23 mindən çox torpaq sahəsi yerləşir və buna görə tikinti işləri bu ölkələrdə yaşayan 55 min insana təsir edəcək.
K.Tunqland əlavə edib ki, layihə çərçivəsində bu günə qədər qazdan istifadə etməyən Albaniya qaz bazarı formalaşdırmaq imkanı əldə edəcək. Gələcəkdə Bosniya və Xorvatiyaya da qaz nəqli mümkün olacaq. İtaliya artıq mövcud boru kəmərləri vasitəsi ilə Almaniyaya və Qərbi Avropanın başqa ölkələrinə, həmçinin Mərkəzi və Şərqi Avropaya çıxmaqla Avstriyaya qaz nəqlini həyata keçirə bilər.
“Baxmayaraq ki, indi qaz İtaliyanın şimalından cənubuna nəql olunur, lakin TAP nəqlin istiqamətini dəyişə bilər”, - deyə icraçı direktor vurğulayıb.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Avropaya ixracı üçün nəzərdə tutulub. 870 km uzunluğunda boru kəməri Yunanıstandan başlayacaq və Türkiyə, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya qədər uzanacaq. Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR - 20%, BP - 20%, “Statoil” - 20%, “Fluxys” - 16%, “Total” - 10%, E.ON - 9%, “Axpo” - 5%.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), TPAO (19%) SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), və NICO (10%) şirkətləridir.