SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarında Sumqayıtda karbamid zavodunun tikintisinə başlamağı planlaşdırır. Bu barədə şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov cümə axşamı “Caspian Oil&Gas” konfransında çıxışı zamanı məlumat verib.
“İyun ayının sonuna qədər biz layihənin baza injinirinqini başa çatdıracaq, iyul-avqust aylarında ətraflı injinirinqə başlayacağıq. Zavodun tammiqyaslı tikinti işləri cari ilin sentyabr-oktyabr aylarında başlayacaq”, - deyə D.Məmmədov qeyd edib.
Xəbər verildiyi kimi, karbamid zavodunun tikintisinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır.
Təbii qazla işləyən zavodun sutkalıq istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid təşkil edəcək. Müəssisə 3 istehsal bölməsindən ibarət olacaq: ammonyak istehsalı, karbamid istehsalı və karbamidin qranulyasiyası bölmələri.
Cənubi Koreyanın “Samsung Engineering” şirkəti ilə zavodun “açar təhvili” şərti ilə layihələndirilməsi, tikintisi və alqı-satqısı haqqında müqavilə imzalanıb. Müqavilə çərçivəsində şirkət tikinti-quraşdırma işləri və işçilər üçün təlimlər həyata keçirəcək.
Zavodun tikintisi üçün 24 hektar ərazi ayrılıb.
Layihənin dəyəri vergilər nəzərə alınmadan 500 mln. avro təşkil edir. Layihənin maliyyələşdirilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.