02.10.2014 11:43

Rus Dram Teatrının baş rejissoru: “Lyudmila Duxovnaya ocağımızın qoruyucusudur”

Cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Səməd Vurğun adına Rus Dram Teatrının aktirsası, Azərbaycanın xalq artisti Lyudmila Duxovnayanın “Teatr macərası” adlı yubiley gecəsinə həsr olunmuş mətbut konfransı keçirilib.

“L.Duxovnaya bütün varlığını teatrın yükü altına qoyan və uzun illər ərzində bu yükü layiqincə, gözəl və istedadla daşıyan insandır”, - deyə teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski tədbirdə bəyan edib.

“Mən onu ocağımızın qoruyucusu adlandırıram. Belə insanlar olmasa, teatr tez bir zamanda yox olar, ev olmaqdan çıxıb artistlərin təsadüfi görüş yerinə çevrilər”, - deyə A.Şarovski əlavə edib.

Onun sözlərinə görə, oktyabrın 23-də Rus Dram Teatrında L.Duxovnayanın yubileyinə həsr olunmuş gecə keçiriləcək.

“O, görkəmli teatr xadimidir, teatr hər zaman onun üçün birinci yerdə dayanır”,- deyə rejissor qeyd edib.

Rejissor, həmçinin deyib ki, yubiley tamaşasının ssenarisini dramaturq, Azərbaycanın əməkdar mədəniyyət xadimi Vladimir Neverov və L.Duxovnaya yazıb.

“Bu, aktrisanın şəxsiyyəti ilə bağlı birpərdəli tamaşadır və burada detektiv məqamlar da yer alacaq. Gecənin aparıcısı L.Duxovnayanın dostu, Azərbaycanın xalq artisti Mabud Məhərrəmov olacaq”,- deyə A.Şarovski əlavə edib.

L.Duxovnaya teatrdakı aktyorlarla dostluğu barəsində sualı cavablandırarkən söyləyib: “Rəfiqələrim çoxdur, hər yaşdan olan dostlarım var. Mən özümü qəlbən çox gənc hiss edirəm. Bu, xarakterdən, qəlbdən, ailədən gələn xüsusiyyətdir. Ümumiyyətlə aktrisa hər zaman 16 yaşındadır. O, həm Cülyettanı, həm də qoca qarı obrazını oynaya bilər”, - deyə aktrisa qeyd edib.

Aktrisa teatrda arzuladığı bütün rolları ifa etdiyini söyləyib.

Keçiriləcək yubiley gecəsi barədə danışan aktrisa bildirib ki, qonaqlar arasında Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları ilə yanaşı, rusiyalı həmkarları da olacaq, lakin o, bu barədə məlumat verməyərək, bunun sürpriz olduğunu söyləyib.

Hansısa tamaşa üzərində rejissor kimi çalışmaq barədə sualı cavablandıran aktrisa belə bir planının olmadığını söyləyib.

A.Şarovski isə bunun cavabında zarafatla L.Duxovnayanın “ ağıllı aktrisa” olduğunu söyləyib.

A.Şarovski teatrda birgə məşq prosesləri barədə danışarkən bunun xoş və ağır bir iş olduğunu qeyd edib.

“Mənim canlı mənzərələr yaratmaq qabiliyyətim var, rejissorluğa yeni başladığım vaxtlarda mən artıq yetərli qədər aktyorluq etmişdim və öz rejissorluq qabiliyyətimi sınaqdan keçirmək istəyirdim”,- deyə o xatırlayıb.

Teatr truppasının bugünkü tərkibi barədə danışan rejissor truppadan razı olduğunu söyləyib.

“Mən bu gün truppadan məmnunam. Bizim yaşlı nəslimiz də var , gənc nəsil də yetişir”,- deyə o əlavə edib.

Rejissor qeyd edib ki, bu gün teatr prosesi elə bir vəziyyətdədir ki, tamaşaçı zalını doldurmaq üçün tamaşalara tanınmış simalar dəvət olunmalıdır.

Rejissor jurnalistlərlə yaradılcılıq planları barədə danışaraq, yeni ildə uşaqlar üçün nağıl əsasında tamaşanın hazırlanacağını, aktyorlardan ibarət Baliyevlər ailəsinə həsr olunmuş tamaşanın premyerasının olacağını, eləcə də L.Duxovnayanın iştirakı ilə tamaşanın nümayiş etdiriləcəyini qeyd edib.

A.Zeydullayeva


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.