Son zamanlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində münaqişənin gərginləşməsi dünya və regionda ümumi gərginlik və münaqişələrin sayının artması ilə əlaqədardır. Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz
Tədqiqat Mərkəzinin eksperti Stanislav Pritçin belə hesab edir.
“Düşünmürəm ki, hansısa xarici oyunçular həqiqətən daha bir gərginlik mənbəyində maraqlıdırlar. Bu, nə Avropa İttifaqı, nə ABŞ, nə də Rusiyaya lazımdır, çünki istənilən münaqişə, xüsusilə də iki dövlət arasında bu cür açıq və qızğın münaqişə kiminsə tərəfini tutmaq lazım olduğunu nəzərdə tutur və bitərəf qalmaq çox çətindir. Bütün qlobal oyunçular üçün bu, çox ciddi çağırışdır”, - deyə S.Pritçin Qarabağ münaqişəsinin həllində üçüncü tərəfin mümkün marağını şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, regionda müşahidə olunan gərginliyə digər amillər təsir göstərir.
“Bu, nəticə verməyən və uzanan danışıqlar prosesi, münaqişə tərəfləri arasında balansın olmaması, Suriya münaqişəsi və İran ətrafında gərginlik, həmçinin İslam dövlətidir (İŞİD). Bütün bu amillər illüziya və ölçülüb-biçilmiş qərarlar qəbul etməyə imkan verməyən şərait yaradır”, - deyə S.Pritçin vurğulayıb.
“Bu halda vəziyyətdə hər hansı qısamüddətli nəticələr əldə etmək məqsədilə ümumi qarmaqarışıqlıqdan, hərcmərcliyə yaxın ümumi vəziyyətdən istifadə etmək niyyəti yaranır”, - deyə ekspert əlavə edib.
Politoloqun fikrincə, münaqişənin donunun açılması zamanı hər iki tərəfdən ciddi itkilər ola bilər, nəticələr barədə isə qabaqcadan nəsə demək qeyri-mümkündür.
“Aydın şəkildə anlamaq lazımdır ki, istənilən münaqişə qurbanlar deməkdir. Xüsusən əgər Azərbaycanla Ermənistan arasında münaqişə qızışarsa, bu, kifayət qədər ciddi münaqişəyə çevriləcək. Hər iki tərəf buna çoxdan hazırlaşır. Müvafiq olaraq qurbanların sayı çox və nəticələr qeyri-müəyyən olacaq. Hətta iqtisadi, hərbi-texniki mənada yuxarıda qeyd edilən qeyri-tarazlıq nəzərə alınsa belə. İki ölkənin ordularının real potensialı və vəziyyətin inkişaf istiqamətləri barədə də danışmaq çətindir”, - deyə o qeyd edib.
F.İsazadə