Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə fondun elanında bildirilir.
Tenderin şərtlərinə əsasən, qalib seçilərkən aşağıdakı meyarlar nəzərə alınacaq: ən səmərəli təklif, yüksək keyfiyyət, analoji işlərin yerinə yetirilməsi sahəsində təcrübə, kadr potensialı, sifarişin yerinə yetirilməsi üçün maliyyə və texniki imkanların olması.
Tenderdə iştirak edən şirkətlər tender komissiyasına dövlət büdcəsinə ödənişlər üzrə borcun olmamasına dair arayış, son 1 il ərzində maliyyə vəziyyətinə dair bank arayışı, kadr, maliyyə və texniki potensial haqqında rəsmi məlumatlar təqdim etməlidirlər.
Şəhadətnamə plastik kart formasında hazırlanmalıdır.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir. Tender təklifləri 2015-ci il martın 16-na qədər qəbul ediləcək. Təkliflər martın 17-də qiymətləndiriləcək.
Azərbaycanda sosial sığorta şəhadətnamələri 2006-cı ildən etibarən sosial sığortanın fərdi uçotuna əsaslanan yeni pensiya sisteminə keçidlə əlaqədar olaraq verilir. Hər bir sığortaçı 13 rəqəmli fərdi koda malik şəhadətnamə alıb. Şəhadətnamədə 1-8-ci rəqəmlər sığortaçının doğum tarixini, 9-13-cü rəqəmlər onun fərdi nömrəsini əks etdirir.
2015-ci il yanvarın 1-nə Azərbaycanda 2 mln. 976,318 min nəfərin fərdi sosial sığorta hesabı var.
N.Abbasova