Repetitorluq uşaqların məktəblərdə təhsil almasına mane olmamalıdır. Bu barədə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çərşənbə günü "Abituriyent" jurnalının təqdimatında bildirib.
"Bu gün məktəblilər yalnız ali məktəblərə daxil olmaq üçün imtahan verəcəkləri fənləri öyrənirlər. Bu, bizim təhsil sistemimizin uzun illərdir davam edən xəstəliyidir və onunla mübarizə aparmaq lazımdır", - deyə A.Məhrrəmov vurğulayıb.
Onun sözlərinə görə, gənclər bütün məktəb fənlərini bilməli və öyrənməlidir.
"Bugünkü əmək bazarı artıq dar sahə mütəxəssisləri tələb etmir, buna görə də biz məhz məktəblərdə təhsil sistemini gücləndirməli və möhkəmləndirməliyik", - deyə rektor vurğulayıb.
A.Məhərrəmov, həmçinin qeyd edib ki, bu il BDU-ya daxil olanların təxminən 30%-i oğlanlar, 70%-i isə qızlardır, magistratura pilləsində bu rəqəmlər müvafiq olaraq 20% və 80% təşkil edir.
"Bu, elmi fəaliyyətdə bəzi problemlər yaradır, onu da nəzərə almaq lazımdır ki, bu gün gənclər hərbi xidmətlə əlaqədar təhsildən uzaq düşürlər", - deyə rektor nəzərə çatdırıb.
A.Zeydullayeva