Qafqaz Tarixi Mərkəzi erməni saxtakarlıqlarının ifşa edilməsinə həsr olunmuş “Yalan detektoru” layihəsi çərçivəsində dolma yeməyinin erməni mənşəli olması barədə fikirlərin əsassız olduğunu sübut edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən bildirib.
“Gözlənildiyi kimi, lavaş və düdüyə həsr olunmuş ilk iki testin ardınca “erməni dolması” da “Yalan detektoru” layihəsi çərçivəsində Qafqaz Tarixi Mərkəzinin 3 nömrəli testini keçməyib”, - deyə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov məsələ ilə bağlı fikrini bildirib.
Onun sözlərinə görə, araşdırmalar çərçivəsində 20-yə yaxın qədim erməni lüğəti və digər mənbələr, o cümlədən orta əsrlərə aid sənədlər araşdırılıb, onların heç birində ümumiyyətlə “tolma” adlı “qədim erməni” sözünə rast gəlinməyib, bütün türk lüğətlərində isə bu söz var. Erməni tərəfinin “tolma” sözünün mənşəyini “toli” (üzüm yarpağı) sözü ilə əlaqələndirmək cəhdi də öz təsdiqini tapmadı, belə ki, bu sözə də orta əsrlər və daha sonrakı dövrlərə aid lüğət və mənbələrdə rast gəlinmədi.
“Bu qədər primitiv oğurluğu zorla qəbul etdirmək üçün öz xalqına nə qədər hörmətsiz yanaşmaq lazımdır! Lakin sevindirici haldır ki, Ermənistan ziyalıları artıq buna qarşı öz etirazlarını bildirməyə başlayıblar. Bu, İrəvan Kukla Teatrının bədii rəhbəri Ruben Babayanın bu yaxınlarda verdiyi bəyanatdan da aydın görünür. O bildirib ki, ermənilər açıq şəkildə azərbaycanlıların mədəni irs nümunələrini mənimsəməklə məşğuldurlar”, - deyə F.Axundov vurğulayıb.
“Yalan detektoru”nun köməyi ilə aparılan tədqiqatların nəticələri ilə ilk növbədə erməni ictimaiyyətinin məlumatlandırılması prosesi istənilən halda davam etdiriləcək”, - deyə F.Axundov vurğulayıb.
F.Hüseynzadə