Azərbaycan əhalisinin 50,2%-ni qadınlar təşkil edir və fevral ayının əvvəlinə onların sayı 4 mln. 820,2 min nəfərdir. Bu barədə cümə günü “İnterfaks-Azərbaycan” agentliyinə qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qadınların 57,1%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər on qadın dünyaya 22 uşaq gətirir.
2013-cü ildə doğulmuş 170,5 min körpənin 46,4%-ni qızlar təşkil edib.
Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası fəaliyyət göstərir.
Azərbaycanda qadınların ömür uzunluğu 76,8 yaş təşkil edir, bu isə kişilərin orta ömür uzunluğundan 5,2 yaş yüksəkdir.
Statistik məlumatlara əsasən, qadınlar ölkənin məşğul əhalisinin 48,8%-ni təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6%-i, orta ixtisas təhsil müəssisələrində 75,1%-i, ali təhsil müəssisələrində 48,8%-i, həkimlərin isə 64,9%-i qadınlardır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,5%-i qızlardır.
Doktorantların 50%-ni, elmi işçilərin 53,2%-ni qadınlar təşkil edir.
Dövlət qulluqçularının 27,7%-i, sahibkarların 19%-i, bədən tərbiyəsi və idman sahəsində çalışanların 40,2%-i qadınlardır.
Milli Məclisdə qadın millət vəkilləri 15,6% təşkil edir.
Son bələdiyyə seçkilərinin nəticələri üzrə seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb, bu isə bələdiyyə orqanları əməkdaşlarının 35%-ni təşkil edir.
Həmçinin statistik məlumatlarda qadın sürücülərin sayının artdığı qeyd edilir. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2014-cü ildə 10 min 278 min nəfərə çatıb.
R.Babayev