Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium işə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-dan məlumat verilib.
Tədbir ATU-nun Psixiatriya kafedrası və Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının İnkişaf Xəstəlikləri Departamenti ilə birlikdə təşkil olunub. Simpoziumda ABŞ, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.
Simpozumun açılış mərasimində çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov uşaqların psixi sağlamlıq və inkişaf xəstəliklərinin hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlərdən biri olduğunu, bu səpkidə Azərbaycan Tibb Universitetinin bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq etdiyini bildirib.
Rektor qeyd edib ki, Tibb Universiteti ilə Boston Uşaq Xəstəxanası arasında əməkdaşlıq çərçivəsində artıq ATU-nun iki həkimi orada praktika keçib və bu simpozium qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Simpoziumda inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodikaları ilə bağlı fikir mübadiləsi aparılacaq.
Simpozium martın 17-nə qədər davam edəcək.
A.Zeydullayeva