2010-2014-cü illərdə Azərbaycanda İKT sektoruna investisiyalar $2 mlrd. təşkil edib. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çərşənbə axşamı Bakıda "The Economist" jurnalı tərəfindən təşkil edilmiş İnvestisiya Forumunda çıxışı zamanı qeyd edib.
“Azərbaycan internetdən istifadəyə görə MDB ölkələri arasında liderdir, ölkə əhalisinin 72-73%-i internetlə əhatə olunub. Bizim vəzifəmiz 2018-ci ilə qədər əhalinin yüksək sürətli internetlə əhatə səviyyəsini 85%-ə çatdırmaqdan ibarətdir”,- deyə Ə.Abbasov qeyd edib.
Onun sözlərinə görə, İKT sektorunun inkişafı üç əsas istiqamət üzrə həyata keçirilməlidir: ölkənin sosial-iqtisadi həyatına təsir göstərən sahələrin inkişafı, 21-ci əsrin infrastrukturunun yaradılması; azad texnoloji bazarların yaradılması.
“Ölkədə birinci istiqamət üzrə peyk texnologiyalarının və rəqəmsal televiziyanın, LTE texnologiyalarının bazasında telekommunikasiya şəbəkəsinin və digər sahələrin inkişafı üzrə iş aparılır. İkinci istiqamətdə elektron hökumətin yaradılması üzrə iş aparılır və bizim vəzifəmiz 2020-ci ilə qədər elektron xidmətləri tamamilə avtomatlaşdırmaqdan ibarətdir. Ölkə əhalisinin 85%-i bu xidmətlərdən istifadə edə biləcək”,- deyə nazir qeyd edib.
Ə.Abbasov deyib ki, İKT üçün azad bazarlar çərçivəsində yeni sahələrin inkişaf etdirilməsi vacibdir.
“Bizim bu istiqamətdə problemlərimiz var, çünki hazırda cəmi $1 mln. məbləğində İKT məhsulumuz ixrac edilir. İKT məhsullarının və xidmətlərinin rəqabətliliyini və ixracyönümlülüyünü təmin etmək lazımdır”,- deyə Ə.Abbasov bildirib.
O əlavə edib ki, bu istiqamətdə yerli şirkətlərin inkişafı, regional layihələrin həyata keçirilməsi və xarici investisiyaların cəlb olunması üçün yaxşı biznes mühitin yaradılması ilə bağlı iş aparılır.
N.Abbasova