Bazar günü İsveçrənin Lozanna şəhərində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin növbəti görüşü başlayıb. Bu barədə İranın İRNA informasiya agentliyi məlumat verib.
Görüşdə iranlı nazirin müavinləri Abbas Arakçi və Məcid Taxt Rəvaçi də iştirak edirlər.
C.Kerrini ABŞ-ın energetika naziri Ernest Moniz və dövlət katibinin müavini Uendi Şerman müşayiət edirlər.
Bundan əvvəl C.Kerri Lozannda M.C.Zəriflə iki dəfə də görüşüb, həmçinin Fransa və Almaniyanın xarici işlər nazirləri Loran Fabius və Frank-Valter Ştaynmayerlə üçtərəfli formatda danışıqlar aparıb.
İran XİN başçısı bazar günü çinli həmkarı Van İ və rusiyalı nazir Sergey Lavrovla da görüşməlidir.
Bütün görüşlər Tehran və beynəlxalq vasitəçilərdən ibarət “altılıq” arasında İranın nüvə proqramına dair danışıqlar çərçivəsində keçirilir.