İngilis dilində nəşr olunan “Times of Israel” qəzetində dərc edilmiş məqalədə daha öncə İsrailin “Haaretz” qəzetində dərc edilmiş Azərbaycan əleyhinə məqalə tənqid edilir. Qeyd edək ki, Azərbaycan əleyhinə məqalənin müəllifi Dağlıq Qarabağa səfər etmiş jurnalist Yair Aurondur.
Məqalənin müəllifi rəsmi İrəvanın İkinci Dünya müharibəsi illərində nasistlərin əlaltısı olmuş və çoxlu sayda, o cümlədən yəhudilərə qarşı cinayətlər işləmiş erməniləri qəhrəmanlaşdırmaq cəhdinə xüsusi diqqət çəkib. Məqalədə bildirilir ki, Y.Auron öz məqaləsində ənənvi olaraq Ermənistanda antisemitizmin ölkə rəhbərliyi tərəfindən maliyyələşdirildiyini yazmağı unudub. “İndi İrəvanda işləyən cənab Auron bu şəhərdə erməni cinayətkar, 1998-ci ildən ölkədə hakimiyyətdə olan Respublika Partiyasının əsas ilhamvericisi Njdeyə abidənin ucaldılması barədə heç nə demir”,- deyə qəzet yazıb.
Qeyd edək ki, ermənilərin alman nasistlərinin əlaltısı olması faktı xarici KİV-lərin, o cümlədən İsrail KİV-lərinin səhifələrində, eləcə də müxtəlif ölkələrin ictimaiyyət nümayəndələrinin bəyanatlarında getdikcə daha çox yer alır. Bu yaxınlarda İsrailin məşhur “IzRus.co.il” portalı Rusiya Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Birlikləri Assosiasiyasının sədri, general-mayor Vladimir Boqatıryovun fikirlərini dərc edib. O, Ermənistanda faşizm əlaltılarının qəhrəmanlaşdırılması, millətçilik təzahürlərinin müşahidə edilməsi, eləcə də Rusiya ərazisində açıq şəkildə faşizmin əlaltılarının ideyalarına haqq qazandırma cəhdlərindən narazılığını ifadə edib. Bundan başqa, Amerikada nəşr edilən ingilisdilli «Algemeiner» (“Ermənistanda antisemitizm”) qəzetində daha əvvəl dərc edilmiş məqalədə xüsusilə vurğulanır ki, Ermənistanda antisemitizm və ksenofobiya mif deyil, İrəvanın dövlət siyasətinin əsas tərkib hissəsidir”.