Maltanın baş naziri Jozef Muskat 27-30 aprel tarixlərində Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Malta hökumətinin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda forumda “Avropa Birliyi və onun qonşuluq siyasəti” adlı məruzə ilə çıxış edəcək.
Tədbirdə 40-dan çox ölkənin sabiq və hazırkı prezidentlərinin, hökumət başçılarının və xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Ümumiyyətlə forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub.
III Qlobal Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və dünyada təbliğ olunmasıdır.
R.Babayev