Bazar ertəsi Bakıda Birinci Avropa Oyunlarına həsr olunan reklam videoçarxı və himnin təqdimatı keçirilib.
“Cari ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə tərəfdaşlıqdan böyük qürur hissi duyuruq”, - deyə “Coca-Cola Bottlers” MMC-nin baş meneceri Cem Becel bəyan edib.
Onun sözlərinə görə, “Coca-Cola” 1928-ci ildən etibarən artıq 90 ilə yaxındır Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində çıxış edir.
“Azərbaycan üçün Birinci Avropa Oyunlarının əhəmiyyətini yaxşı anlayırıq”, - deyə C.Becel vurğulayıb.
“Dünyada “Coca-Cola” sevinc və xoşbəxtlik rəmzi kimi qəbul edilir”, - deyə şirkətin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar üzrə meneceri Oleq Peletski, öz növbəsində qeyd edib.
Onun sözlərinə görə, idman insanın həyat fəaliyyətinin əsas tərkib hissəsidir, onun ruhunu möhkəmlədir, onu sağlam edir və xoşbəxtlik bəxş edir.
“Coca-Cola” “Bakı-2015” Avropa Oyunları üçün tanınmış müğənni Tünzalə Ağayevanın ifasında xüsusi himn hazırlayıb”, - deyə O.Peletski bildirib.
O qeyd edib ki, Avropa Oyunlarının təbliğatı istiqamətində, həmçinin Birinci Avropa qitə idman yarışlarında iştirak edəcək idmançıların adlarının qeyd olunduğu xüsusi “Coca-Cola” butılkaları da buraxılıb.
“Coca-Cola” şirkətinin “Bakı-2015” Avropa Oyunlarının tərəfdaşı olması bizim üçün böyük şərəfdir”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq vurğulayıb.
O deyib ki, “Coca-Cola” “Bakı-2015” Avropa Oyunlarının təbliğatına yüksək peşəkarlıqla yanaşıb.
“Tarixdə ilk Avropa Oyunlarının başlanmasına 53 gün qalıb. Əminəm ki, “Coca-Cola” bu beynəlxalq yarışlarda yüksək xidmət səviyyəsi nümayiş etdirəcək”, - deyə S.Kleq vurğulayıb.
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva tədbirdə “Coca-Cola”nın “Bakı-2015” Avropa Oyunlarına həsr etdiyi “Bakımın üzü gülür” adlı reklam himnini ifa edib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışlar 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.