Ümumrusiya Azərbaycan Konqresinin Nijni Novqorod regional bölməsi Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbiri təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Konqresdən məlumat verilib.
Dəmiryolçuların Mərkəzi Mədəniyyət Sarayının Teatr zalında keçirilən tədbirin əsas hissəsi ümumittifaq radiosunun əfsanəvi diktoru Yuri Levitanın Berlinin süqutu, Hitler Almaniyasının təslim olması və Sovet İttifaqının Böyük Vətən müharibəsində əzəmətli qələbəsi şərəfinə mayın 9-da Qızıl Meydanda paradın keçiriləcəyinə dair audioyazısı ilə başladı.
Tədbirdə çıxış edən Nijni Novqorodun meri Oleq Sorokin qeyd edib ki, veteranların igidliyi sayəsində ölkədə faşist qoşunlarının soxulmasından sonra sülh bərqərar oldu.
“Azərbaycan xalqı müharibənin ilk günündən digər millətlərin nümayəndələri ilə çiyin-çiyinə durub. Babalarımız birlikdə düşməni Vətənimizin ərazisindən qovublar, Avropanı faşizm bəlasından azad ediblər, birgə Berlinə daxil olaraq bayrağımızı Brandenburq darvazası üzərinə sancıblar. Müharibəyə gedən hər ikinci azərbaycanlı döyüş meydanlarında həlak olub”, - deyə O.Sorokin qeyd edib.
Bundan başqa, o, Nijni Novqoroddakı Azərbaycan diasporunun həmrəyliyini qeyd edib və şəhərin iqtisadiyyatı və mədəniyyətinin möhkəmlənməsində Azərbaycan xalqının töhfəsini yüksək qiymətləndirib.
Şəhər meri, həmçinin vurğulayıb ki, milli diasporlar qəhrəmanlarını unutmur, onları xatırlayır və müharibə veteranlarına hər işlərində yardım edirlər.
“Biz hər zaman sülh və dostluq şəraitində yaşamışıq və heç bir xarici qüvvə xalqlarımız arasında nifaq sala bilməz. Baxmayaraq ki, bu gün müxtəlif dövlətlərdə yaşayırıq, bizi ümumi xatirə və xalqlarımızın hər zaman dostluq şəraitində yaşaması və çətin zamanlarda bir-birinin köməyinə gəlməsi anlayışı birləşdirir”, - deyə O.Sorokin vurğulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin Nijni Novqorod regional bölməsinin icraçı direktoru, Rusiya Jurnalistlər Birliyinin üzvü Roman Ağayev qeyd edib ki, müxtəlif millətlərdən olan cəsarətli, sarsılmaz ruhlu və məğlubedilməz sovet insanlarının, şanlı və cəsarətli döyüşçülərin - xilaskar qəhrəmanların bu əzəmətli hünəri faşizmə son qoyaraq, bəşəriyyətin tarixi gedişatını dəyişib və bununla da Yer kürəsində milyonlarla insan üçün sülh, azadlıq və rifahı təmin edib.
O vurğulayıb ki, Azərbaycanda heç zaman İkinci Dünya müharibəsinin nəticələrini təkrar nəzərdən keçirmək cəhdi olmayıb, çünki Azərbaycan xalqı Böyük Qələbə naminə həlak olanların əziz xatirəsini və qəhrəmanların döyüş hünərini hörmətlə anır.
Moskvadan olan nüfuzlu nümayəndə heyəti ilə tədbirdə iştirak edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev də Azərbaycan müharibə zamanı verdiyi töhfə barədə danışıb.
O qeyd edib ki, Hitler var gücü ilə Bakını işğal etmək, Azərbaycanın enerji resurslarına sahib çıxmaq istəyirdi, lakin planları həyata keçmədi, çünki Azərbaycanın Qırmızı Bayraq ordenli cəsur döyüşçüləri nəinki onu Qafqazda dayandırdılar, həm də Berlinə qədər qovdular.
O, həmçinin deyib ki, Azərbaycanda Qələbə Günü dövlət səviyyəsində qeyd olunur, ölkə rəhbərliyi isə veteranlara böyük qayğı göstərir.
“Böyük Qələbəyə aid ümumi tarixi xatirəmiz Rusiya və Azərbaycan xalqlarını birləşdirlən yeganə amil deyil. Qardaş, dost və mehriban qonşuluq münasibətlərimiz bütün sahələrdə sürətlə inkişaf edir”, - deyə icraçı direktor vurğulayıb.
Nijni Novqorodun Kanavin rayon Administrasiyasının rəhbəri Vitali Kovalyov iştirakçıları Böyük Qələbənin 70 illiyi münasibətilə təbrik edərək, Ümumrusiya Azərbaycan Konqresinin Nijni Novqorod regional bölməsinə, şəhərin və vilayətin Azərbaycan icmasının fəallarına veteranlar, arxa cəbhə zəhmətkeşləri və təqaüdçülərə olan diqqət və qayğıya, çoxmillətli və polikonfessional cəmiyyətdə sülh və həmrəyliyin möhkəmlənməsinə yönələn fəal ictimai fəaliyyətə görə minnətdarlığını bildirib.
Azərbaycan xalqının Böyük Vətən müharibəsində müstəsna rolunu qeyd edərək, V.Kovalyov əlavə edib ki, məhz çoxmillətli sovet xalqının ümumi səyləri sayəsində düşmən məhv edilib, faşizmin əsarət altına aldığı xalqlar isə azad ediliblər.
“Lider-TV” və “Radio Azərbaycan”ın müxbir bürosunun rəhbəri, “416-cı diviziya - Biz birlikdə qalib gəldik” filminin müəllifi Anar Həsənov filmin təqdimat mərasimində Azərbaycan, Rusiya və Ukraynada film üzərində aparılan iş, 416-cı diviziyanın iştirakı ilə döyüşlərin arxivdəki kadrlarından istifadə olunması barədə məlumat verib.
O qeyd edib ki, bu film gələcək nəsillərə müraciətdir, bir növ gələcəyə məktubdur ki, bizdən sonrakı nəsillər ümumi haqq işini, şücaət və Böyük Qələbəni unutmasınlar.
416-cı diviziyanın şərəfli döyüş yolu barədə film tamaşaçılar tərəfindən çox bəyənilib. Onlar filmin müəllifini ayaq üstə alqışlayaraq, ona “Müəllifə əhsən! Filmə görə çox sağ olun!” sözləri ilə minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib. Ümumittifaq və beynəlxalq estrada mahnıları müsabiqələrinin laureatı, Azərbaycanın əməkdar artisti Nikolay Penyakin əfsanəvi Müslüm Maqomayevin səsinə bənzər səsi və parlaq istedadı ilə iştirakçıları sevindirib. Bu, Ryazan şəhərinin Azərbaycan icmasının Nijni Novqorod veteranlarına bir növ hədiyyəsi olub. N.Penyakin müharibə illərinə aid mahnıları, həmçinin görkəmli Müslüm Maqomayevin repertuarından şah əsərləri müvəffəqiyyətlə ifa edib.
F.İsazadə