Avropa İttifaqı ilə assosiasiya sazişi olmayan “Şərq tərəfdaşlığı”nın üç ölkəsi (Azərbaycan, Ermənistan və Belarus) bu proqramın təqdim etdiyi imkandan istifadə edərək, əməkdaşlığı bütün tərəflərin maraqlarına uyğun olaraq inkişaf etdirməlidir. Bu barədə Latviyanın xarici işlər naziri və Aİ Şurasının sədri Edqars Rinkeviçs bəyan edib.
“Biz hələlik ÜTT-yə daxil olmayan ölkələrə yardım etmək niyyətindəyik ki, onlar bu təşkilatın üzvü olsunlar. Bu, tərəfdaşlarımızla görüş zamanı (Riqada “Şərq tərəfdaşlığı” sammitində) onlara təklif ediləcək. Təbii ki, biz onlarla sıx təmasda fəaliyyət göstərməliyik, çünki həmin ölkələr ÜTT-nin üzvləri olan kimi əlbəttə ki, yeni imkanlar kompleksi əldə edəcəklər”, - deyə Latviya XİN başçısı bildirib.
Cümə axşamı Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin XİN başçılarının ticarət məsələləri üzrə görüşündən sonra keçirilən mətbuat konfransında E.Rinkeviçsə Aİ ilə assosiasiyaya daxil olamayan bu üç ölkəyə Avropa İttifaqının nə təklif edə biləcəyinə dair sual verilib.
Onun sözlərinə görə, Aİ, ÜTT-nin üzvü olmayan Azərbaycanla, həmçinin iqtisadi vəazad ticarət sahəsində də əməkdaşlığın yeni şərtlərinə dair dialoqu bərpa edə bilər.
ÜTT-yə daxil olmayan Belarusa gəlincə isə, o, “daha da strukturlaşdırılmış və müntəzəm” dialoq imkanı görür. “Biz əlimizdən gələni etmək istəyirik (Minsklə əməkdaşlığın inkişafı üçün - İF-Az)”, - deyə E.Rinkeviçs bəyan edib.
Latviyalı nazir qeyd edib ki, Aİ Ermənistan üçün yeni saziş imkanını nəzərdən keçirməyə hazırdır.
O əlavə edib ki, həmin ölkələrin “xüsusi, özünəməxsus maraqlarını” bilmək lazımdır.
E.Rinkeviçs izah edib ki, bütün bunlar Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinin bəyanatına daxil etmək üçün mümkün təkliflərdir. Hazırda Aİ-də bəyanatın mətni üzərində iş aparılır.
21-22 may tarixlərində Riqada “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək.
“Şərq tərəfdaşlığı” Avropa İttifaqının layihəsidir. Məqsədi keçmiş SSRİ-nin altı ölkəsi: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafıdır.