Fransadakı Azərbaycan icması Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi Bako Saakyanın mayın 17-19-da Fransaya səfərini, eləcə də Drom Departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Şuşa və Ağdərə şəhərləri arasında “dostluq və qardaşlıq xartiyası”nın imzalanmasını pisləyən bəyanat yayıb.
“AzərTAc” dövlət agentliyinin məlumatına əsasən, bəyanatda qeyd edilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır.
Sənədin müəllifləri vurğulayırlar ki, istər Dağlıq Qarabağ separatçı rejiminin “prezidenti”nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə “dostluq və qardaşlıq xartiyası”na dair sənədin imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur.
“Bu, yalnız Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər”, - deyə bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Buna görə də Azərbaycanın işğal altındakı Şuşa və Ağdarə şəhərləri ilə Fransanın Drom departamentinin Villörbann və Sarsel şəhərləri arasında “əməkdaşlıq və dostluq xartiyası”na dair sənədin imzalanması beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal edildiyi, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, işğal olunmuş torpaqlarda mədəniyyət və incəsənət abidələrinin, həmçinin minlərlə müasir infrastruktur obyektlərinin məhv edildiyi, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı soyqırımının törədildiyi bəyanatda öz əksini tapıb.
Bəyanatın sonunda beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın münaqişənin ədalətli və düzgün həllinin axtarışında, Azərbaycan ərazisinin bütövlüyünün təmin edilməsində öz səylərini əsirgəməyəcəyinə dair ümid ifadə olunur.
Bəyanat Drom Departamentinin rəhbərlərinə, senator və deputatlarına və digər rəsmi təşkilatlara göndərilib.
R.Babayev