Rəsmi Bakı Çinin BMT Təhlükəsizlik Şurasına qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına dair qətnamə təqdim etməsi ilə bağlı məlumatı təxribat hesab edir.
“Bu, şayiə və təxribatdır. Bu məlumat heç bir şərhə layiq deyil”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanın Pekindəki səfirliyinə bu məlumatla bağlı Çin tərəfindən izahatın alınması tapşırılıb.
“Azərbaycanın Çindəki səfirliyi həmin ölkənin XİN-nə bu məsələ barədə məlumat verib. Məlumatın araşdırılacağına söz verilib”, - deyə o söyləyib.
Qeyd edək ki, Rusiyanın «Life news» informasiya agentliyi Çinin BMT TŞ-yə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına dair qətnamə təqdim etməsinə dair məlumat dərc edib.
Məlumata əsasən, Çin Xalq Respublikasının baş naziri «Twitter»dəki səhifəsində yazıb ki, “əgər ABŞ, Fransa və Rusiya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair Çinin qətnaməsini dəstəkləyərsə, o zaman Qarabağ müstəqil ölkəyə çevrilərək BMT-yə daxil olacaq”.
İndiyədək Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, Bakı isə həmişə Tayvanı Çin Xalq Respublikasının ərazisi kimi tanıyıb.
F.İsazadə